"Bunun səbəbini özüm də bilmirəm"
11.03.2013 - 15:01
"Bunun səbəbini özüm də bilmirəm"
Fevralın ən yaxşı futbolçusu seçilən “Neftçi”nin çilili hücumçusu Nikolas Kanalesin apasport.az saytına müsahibəsi

- Belə bir mükafata layiq olacağınızı gözləyirdinizmi?
- Açığı, bu tədbirin keçiriləcəyindən xəbərim yox idi. Ancaq onu deyə bilərəm ki, mükafat almaq hər zaman xoşdur. Azərbaycanda ilk dəfədir ki, mükafat alıram. İnanıram ki, bu, sonuncu olmayacaq. Əlbəttə, bu, tək mənim uğurum deyil. Bu mükafatı qazanmağımda komanda yoldaşlarımın əməyi danılmazdır.

- Əgər sorğu zamanı sizin fikrinizi öyrənsəydilər, kimin adını qeyd edərdiniz?
- Araz Abdullayevin adını çəkərdim. Çünki fevral ayında onun nümayiş etdirdiyi oyun çox xoşuma gəldi.

- Qış fasiləsindən sonra ilk 4 oyunda 5 qol vurdunuz. Amma son iki matçda bunu bacara bilmədiniz. Səbəbi nədir?
- Bunun səbəbini özüm də aydınlaşdıra bilmirəm. 120 dəqiqə oynadıq, ancaq qol vura bilmədim. Əsas odur ki, mən fərqlənə bilməsəm də, komandamız qələbə qazandı və mərhələ adladı.

- “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev “Simurq”la oyundan sonra keçirilən mətbuat konfransında sizdən narazılıq edib. Son 2 oyunda meydanda Kanales adlı futbolçunu görmədiyini deyib və bununla bağlı səninlə söhbət edəcəyini vurğulamışdı. Baş məşqçi ilə görüşünüz olubmu?
- Bəli, Böyükağa müəllimlə söhbətimiz oldu. Ola bilsin, psixoloji baxımdan hansısa problem yaransın. Ancaq onun mənə qarşı münasibəti heç vaxt pis olmayıb. Hətta qol vurmadığım oyunlardan sonra da. Onunla sadəcə, söhbət elədik.

- Bəlkə ardıcıl qollar vurduğunuza görə sizdə arxayıncılıq yaranıb?
- Xeyr, qol vurmaq istəyirəm. On imkanım olsa, onunu da vurmağa çalışıram. Artıq çempionatın final mərhələsi başlayır. Burada rahatlaşmağa vaxt yoxdur.

- Final mərhələsinə “Bakı” ilə oyunla start verəcəksiniz. Əks qütblərdə yerləşən paytaxt təmsilçilərinin duelindən nə gözləyirsiniz?
- Azarkeşlər maraqlı paytaxt derbisi izləyəcəklər. Oyuna maksimum dərəcədə konsentrasiya olmalı, qələbə qazanmalıyıq. Final mərhələsinin ilk oyunu olduğuna görə yaxşı başlamalıyıq.

- “Bakı” qış fasiləsindən sonra keçirdiyi oyunların heç birində məğlub olmayıb, üstəlik, ölkə kubokunun ¼ final mərhələsində “İnter” kimi iddialı komandanı mübarizədən kənarlaşdırıb. Bu, “Neftçi” üçün bir siqnal ola bilərmi?
- “Neftçi”yə qarşı bütün komandalar yaxşı oynayacaq. Ona görə də oyunlarımızın hamısı ağır keçəcək.

- Topaz Premyer Liqasının bombardirinin çıxışını Çilidə necə, izləyirlərmi?
- Əlbəttə, izləyirlər. Hər oyundan sonra Çili mətbuatında məlumatlar yerləşdirilir.