“Barselona” və “Qalatasaray”ın çətin sınaqları
11.03.2013 - 17:27
“Barselona” və “Qalatasaray”ın çətin sınaqları
Bu həftə Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, son 4 matçdan biri formal xarakter daşıyacaq. Çünki “Bavariya” “Arsenal”ı səfərdə 3:1 hesabı ilə yenməklə mərhələ adlamaq vəzifəsini yerinə yetirib.

Qalan 3 oyun isə gərgin mübarizə şəraitində keçəcək ki, bunlardan 2-si İspaniyada olacaq. Sözsüz, futbolsevərlərin əsas diqqəti Barselonaya yönələcək. “Barselona” “Milan”la təkrar matçda çətin vəzifənin öhdəsindən gəlməlidir. Komanda italyanlardan səfərdə aldığı məğlubiyyətin əvəzini çıxıb mərhələ keçmək üçün böyük hesabla qalib gəlməlidir. Bunu isə güclü müdafiə xəttinə malik “Milan”la oyunda gerçəkləşdirmək heç də asan məsələ deyil.

“Malaqa”nın işi nisbətən asandır. Çünki komandanın rəqibi “Milan” kimi güclü deyil və “Porto” üzərində 2 top fərqli qələbə 1/4 finala çıxmağa yetərlidir. Əgər ilk oyunlarında uduzan ispanlar mərhələ adlaya bilməsələr, bu ölkənin Avropanın ən nüfuzlu klub turnirindən yeganə təmsilçisi “Real” olacaq.

Azərbaycanlı azarkeşlər isə Almaniyadakı oyunu intizarla gözləyirlər. Çünki orada Türkiyənin turnirdə yeganə təmsilçisi “Qalatasaray”ın taleyi həll olunur. “Cim Bom” “Şalke” ilə evdə 1:1 hesablı bərabərliyə qalmaqla işini çətinə saldı. İndi ona rəqib meydanında mütləq qol vurmaq lazımdır. “Qalatasaray” qalib gəlməsə belə, 2:2-dən başlayaraq məhsuldar heç-heçələr onu 1/4 finala çıxaracaq.

12 mart
“Barselona” (İspaniya) – “Milan” (İtaliya)
İlk oyun – 0:2

“Şalke” (Almaniya) – “Qalatasaray” (Türkiyə)
İlk oyun – 1:1

13 mart
“Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə)
İlk oyun – 3:1

“Malaqa” (İspaniya) – “Porto” (Portuqaliya)
İlk oyun – 0:1