“Simurq” “Bakcell Arena”ya vurduğu zərəri ödəməlidir
12.03.2013 - 13:28
“Simurq” “Bakcell Arena”ya vurduğu zərəri ödəməlidir
Bu gün AFFA-nın Nizam-İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, əsas müzakirə obyekti ötən həftə Azərbaycan kuboku uğrunda keçirilən 1/4 final mərhələsində cavab oyunlarında baş verənlər olub.

“Simurq”un futbolçusu Mario Bojiç “Neftçi” ilə səfər matçında idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 matçlıq cəzaya, klubu 200 manatlıq cəriməyə məruz qalıb. Matç başa çatdıqdan sonra Zaqatala klubu futbolçuları tərəfindən “Bakcell Arena” stadionunun bir neçə inventarı sındırıldığı üçün dəymiş zərərə uyğun olaraq “Neftçi”nin təqdim edəcəyi hesab əsasında ödəmə etməlidir.

“Qarabağ” “Qəbələ” ilə ev matçında 4 futbolçusu sarı vərəqə aldığı üçün 1000 manat cərimə ödəməlidir. “Rəvan”ın futbolçusu Nikolay Orlovski “Xəzər Lənkəran”la səfər oyununda sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə aldığına görə 1 matçlıq cəzalandırılıb, klubu 200 manat cərimələnib.