“Bu məğlubiyyətimizdə günahkarlar mütləq cəzalandırılacaq” – MÜSAHİBƏ
12.03.2013 - 15:20
“Bu məğlubiyyətimizdə günahkarlar mütləq cəzalandırılacaq” – MÜSAHİBƏ
“Turan”ın vitse-prezidenti Namiq Məstanovun apasport.az saytına müsahibəsi

- Qış fasiləsinə qədər əzmkar oyunu ilə seçilən “Turan”dan əsər-əlamət qalmayıb. Komandanın bu belə zəif çıxışını nə ilə izah edərdiniz?
- Maliyyə problemlərimiz var. Klubumuzun elə böyük büdcəsi yoxdur. Qış fasiləsinə qədər olan komandanın heyətini qoruyub saxlaya, tam komplektləşdirə bilmədik. Çıxışımıza təsir edən başqa nüanslar da var. Futbolçuların 2 aydan çoxdur əmək haqlarını verə bilməmişik. Təbii ki, heyətə cəlb etdiyimiz gənc futbolçuların təcrübəsizliyi komandanın oyununa təsir edir.

- Bəs maliyyə problemləri nə vaxt həll olunacaq?
- Həll olunmaq üzrədir. Biz də bunun nə vaxt olacağını gözləyirik. Maddi problemlərimizin nə vaxt həllini tapacağı da tam məlum deyil. İnşallah, qaranlıq tunelin sonunda bir işıq ucu görünür.

- “Turan” bu il 0:4 hesablı 2 darmadağın alıb. “Bakı”ya məğlubiyyəti səviyyə fərqi ilə izah etmək olar. Bəs “Sumqayıt”a darmadağına, 1 futbolçunun qapınıza 4 qol vurmağına necə izah vermək olar?
- Elə bu mənim üçün də çox maraqlıdır. Təbii ki, dünən oyundan sonra bütün komandanı yığaraq, söhbət elədim. Baş məşqçiyə tapşırıqlarımı verim. Təhlil etsinlər, oyundakı səhvləri araşdırsınlar. Mən “Sumqayıt”la oyunumuzu belə buraxmayacağam. Təbii ki, günahkarlar cəzalanacaq. Baş məşqçidən tutmuş inzibati heyətə, xırda işçiyə qədər – kim hansı məsuliyyətsizliyi, səhlənkarlığı edib, mütləq cəzalandırılacaq. Mən heç bir rəqibi kiçiltmək istəmirəm. “Sumqayıt”ın də gözəl kollektivi var, maddi durumu bizdən qat-qat üstündür. Ancaq bu komanda “Xəzər Lənkəran”, “Qarabağ”, “İnter” deyil. “Turan” “Sumqayıt”dan elə zəif deyil ki, ondan 4 top buraxsın.

- Hazırda komandanın məqsədi nədir?
- Həm gənc oyunçularımızı Azərbaycan futboluna qazandırmaq, həm də növbəti mövsümə komandanı ən azı 70 faiz hazırlamaq. Bunun üçün yeni futbolçular bir yerdə oynayaraq, qarşıdakı matçlarda adaptasiya olmalıdır.

- Növbəti mövsümə qədər “Turan” yüksək liqada yerini qorumalıdır. Belə gedişlə bu, heç də asan olmayacaq...
- Qarşıda 9 oyunumuz var və Sumqayıtdakı məğlubiyyətdən nəticə çıxardacağıq. Bu matç istər futbolçulara, məşqçilərə, istərsə də klub rəhbərliyinə bir tərs sillə oldu.

- Baş məşqçiniz Əfqan Talıbovun işindən nə dərəcədə razısınız? Mövsümün sonuna kimi bu postda dəyişiklik ola bilərmi?
- Dediyimiz kimi, komandamızı yaxşı maddi dəstəyi, dayaqları yoxdur. Demək olmaz ki, baş məşqçimizə yüksək səviyyədə şərait qurmuşuq, ancaq o, nəticə göstərməyib. Nəyimiz var, onunla qane olmuşuq. Baş məşqçimiz də bunun müqabilində nəsə bir şey edir. Bu postda dəyişiklik hələ ki gündəmdə deyil. Ancaq bu da qaçılmaz deyil.

- “Turan”da vaxtilə gənc yerli, futbolçular oynadığı halda, indi əsas heyətin çoxunu legionerlər təşkil edir ki, bu da müzakirə obyektinə çevrilib. Onsuz da maddi vəziyyətiniz pis olduğu halda, bu legionerləri saxlamağa dəyərmi?
- Qışda dəvət etdiyimiz legioner 22-23 yaşlılardır. Yəni yaşlı legionerimiz yoxdur. Əcnəbilərimiz yerli futbolçular qədər əmək haqqı alırlar. Misal üçün azərbaycanlı oyunçu nə qədər məvacib alırsa, 1991-ci il təvəllüdlü ukraynalı müdafiəçimiz Dmitri Pospelov də o qədər.

- Ancaq həmin legionerlər oynamaqla, gənc futbolçuların heyətə yolunu bağlayaraq, yetişməyinə imkan vermir...
- Legionerlərimiz də gəncdirlər. Bizdə yerli futbolçular da bu yaşdadır və onlar heyətdə yer alırlar.

- “Turan” öz stadionunda yenidənqurma işləri ilə əlaqədar bu ildən rəqiblərini Bakıda qəbul edtməyi çıxışına təsir edir. Sizcə, arenanızda qazonun mövsüm bitəndən sonra dəyişdirilməyi daha məqsədəuyğun olmazdı?
- Yox. Bilirsiniz, hər şeyin bir vaxtı var. Məqsədimiz Tovuza yaxın rayonlarda oynamaq idi. Bunlardan biri Şəmkir idi ki, orada 3 komanda oynayırdı. “Turan”ın da oynamağı ilə meydança buna tab gətirməzdi. Qazax stadionu isə güclülər dəstəsində oyun keçirməyə imkan vermir. Başqa rayonlarda oynamağımız mümkün deyildi və ən yaxşı variant Bakı idi.

- Tovuzlu azarkeşlər də komandanın kənarda oynamağından narazıdırlar...
- Mən başa düşürəm və sizinlə razıyam. Yaxşı, deyin görüm biz harda oynayardıq?

- Onu demək istəyirik ki, bu işləri mövsümün qızğın vaxtında eləmək komandanı azarkeş dəstəyindən məhrum qoyaraq, çıxışına mənfi təsir edir...
- Hər şeyin öz vaxtı var. İş bu gün görüləsidirsə, bu gün görülməlidir. Onu sabaha saxlamağın nə mənası var? Sağ olsun, AFFA, klubların maddi dəstəyi hesabına işlər görülür. Fikirləşirik ki, şans düşmüşkən, tez bir zamanda bundan istifadə edək. Bilmək olmaz ki, yaydan sonra bu iş necə olacaq.

- Stadionunuzda işlər nə vaxt yekunlaşacaq?
- Orada 20 gündən çoxdur işlər gedir. Meydançanın drenaj sistemi qurulur, bunun üçün yer qazılıb, betonlanıb, yaşıl ot örtüyü çıxıb.

Mehman SÜLEYMANOV