Pedro Pauleta: Lima Azərbaycana qarşı oynaya bilməz
12.03.2013 - 16:04
Pedro Pauleta: Lima Azərbaycana qarşı oynaya bilməz
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Portuqaliya yığmasının braziliyalı futbolçu Rodriqo Joze Lima dos Santosu milliləşdirmək istəyi təxirə salınıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Paulu Bentu 29 yaşlı hücumçunu İsraillə martın 22-də və Azərbaycanla martın 26-dakı görüşlərə çağırmaq istəyini gerçəkləşdirə bilməyib.

Bunu Portuqaliya futbolunun keçmiş ulduzlarından biri, hazırda federasiyada direktor vəzifəsini tutan Pedro Pauleta deyib. O, “Benfika”da çıxış edən legionerin yığmaya cəlb olunmasının belə tez zamanda həll olunmasını mümkünsüz sayır: “Bildiyim qədər Limanın Portuqaliya pasportu da yoxdur. Bu üzdən o, Azərbaycan və İsraillə matçlarda oynaya bilməz. İlk növbədə bu məsələ həllini tapmalıdır. O vaxtadək isə Paulu Bentu onu heç milliyə dəvət də edə bilməz. Pasport almaq prosesi üçün vaxt lazımdır. Federasiya isə bu prosesi sürətləndirməyəcək”.

Qeyd edək ki, 2009-cü ildən Portuqaliyada çıxış edən futbolçu “Belenenseş”, “Braqa” və “Benfika”nın şərəfini qoruyub. Bu Limanın Avropaya ikinci gəlişidir. 2004-cü ildə Portuqaliyanın “Vizela” komandasına keçən hücumçu sonradan vətəninə qayıtmışdı.