“Toşak kimi məşqçiyə irad tutmağa adamın dili gəlməz”
13.03.2013 - 12:53
“Toşak kimi məşqçiyə irad tutmağa adamın dili gəlməz”
“Con Toşakı baş məşqçi postuna gətirdiyi üçün “Xəzər Lənkəran” rəhbərliyini ürəkdən alqışlayıram. Çünki Toşak yaxşı məşqçidir, aparıcı klublarda işləyib, zəngin karyerası var”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Kazbek Tuayev deyib.

“Ağ-yaşıllar”ın uelsli Con Toşakla işbirliyini yüksək dəyərləndirən 73 yaşlı mütəxəssis onun futbolumuza faydalı olacağını düşünür: “Azərbaycana belə mütəxəssisləri gətirmək lazımdır. Əlbəttə, Toşak bizə xeyir verəcək. Həm Azərbaycan futbolu, həm də “Xəzər Lənkəran” üçün sanballı çalışdırıcı olacaq. Buyurun, belə məşqçiləri dəvət edin. Onun kimi məşqçiyə irad tutmağa adamın dili gəlməz. Ancaq kimi gəldi gətirəndə, narazı oluram. Siyahını açırsan, bilmirsən kimdir. Bunlar Azərbaycana gələndə adam üzülür”.

Lənkəran klubu gələn il 10 illik yubileyini çempionluqla qeyd etmək iddiasındadır. Tuayevin fikrincə, cənub təmsilçisi uelsli mütəxəssislə buna nail ola bilər: “Əlbəttə, klub rəhbərliyi yeni məşqçini gətirəndə, onun qarşısına çempion olmaq, Avropada uğurlu çıxış etmək məqsədi qoyur. “Anji” Qus Hiddinki gətirəndə, qarşısına qitə miqyaslı turnirdə oynamaq vəzifəsi qoymuşdu və hazırda da Avroliqada çıxış edir. Yəni Toşak kimi tanınmış mütəxəssisi gətirəndə ona həm yaxşı pul verirlər, həm də qarşısına böyük vəzifələr qoyaraq, nəticə qazanmaq üçün mütləq yaxşı futbol gətirməyinə şərait yaradırlar. Biz də bundan qazanacağıq, adımız yüksələcək. Bu isə bizim üçün ürəkaçandır”.

Mehman SÜLEYMANOV