“Qarabağ”ın seriyası qırıldı
13.03.2013 - 14:59
“Qarabağ”ın seriyası qırıldı
“Qarabağ”ın məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, ağdamlılar ölkə kubokunu da nəzərə alsaq, 13 oyundan sonra meydanı məğlub tərk edib.

Bu, Topaz Premyer Liqasının final mərhələsində ilk turunda “Simurq”la səfər matçında olub. Zaqatalalılar XXIII turun matçının ilk hissəsində Rəşad Eyyubovun vurduğu qolla qalib gəlib – 1:0.

Ağdam təmsilçisi II dövrədə uduzmayaraq, ölkə kubokunun ¼ final mərhələsində “Qəbələ” ilə hər 2 matçda (səfərdə 1:1, evdə 0:0) heç-heçə edərək, rəqib meydanında vurduğu qola görə yarımfinala çıxmışdı.

Maraqlıdır ki, “Qarabağ” bunadək son məğlubiyyətini I dövrənin son turunda məhz “Qəbələ”dən almışdı. Komanda ötən ilin oktyabrın 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən ev matçında 1:2 hesabı ilə uduzmuşdu. “Qarabağ” 132 gündən sonra məğlubiyyəti Zaqatalada alaraq, turnir cədvəlində 3-cü pilləni rəqibinə təhvil verməli olub.