Rauf Əliyev: Mənim mənfi cəhətim...
14.03.2013 - 00:00
Rauf Əliyev: Mənim mənfi cəhətim...
- Lüksemburq və Portuqaliya ilə oyunların hazırlıqlarına başladız. Həmin matçlarla bağlı nə deyə bilərsiz?
- Qarşıda vacib oyunlarımız var. Əsas oyunumuz Lüksemburq yığması ilədir. Səfərdə bu komanda ilə qarşılaşacağıq. Bizim səviyyədə bir komanda olduğundan, çox maraqlı bir oyun olacaq. Bu il mümkün qədər çox xal toplamağa çalışırıq. Xallı oyunlardan biridir. Əsas bu oyuna köklənmişik.

- Şansları necə dəyərləndirirsiz?
- İndiki halda şansları bərabər sayıram. Lüksemburq hazırda yaxşı formadadır. Biz onların Şimali İrlandiya ilə oyunlarına da baxmışdıq. Bu komanda əvvəlki Lüksemburqa bənzəmir. İndi daha yaxşı oyun sərgiləyirlər. Lüksemburqda yaxşı oyunçular var. Bizim üçün təhlükəli ola bilərlər. Bizim ora getməkdə məqsədimiz xal qazanmaqdır. Biz də bunun üçün çalışacağıq.

- Nominal hücumçulardan Branimir Subaşiçlə Cihan Özkara zədəlidir. Hücumun sivri ucunda yer almağa ən böyük namizəd sizsiz. Ancaq sizin də “Bakı”da işləriniz yaxşı getmir. Necə düşünürsüz, qarşıdakı seçmə oyunlarda sizə olan etimadı doğrulda biləcəksiz?
- Belə baxanda, hücumçularımız var. Vaqif Cavadov və Vüqar Nadirov da hücum xəttində çıxış edə bilir...

- Onların cinahlarda yer alacağı daha çox inandırıcı görünür...
- Klubda problemim deyəndə ki, hazırda mənim mənfi cəhətim sadəcə “Bakı”da qol vura bilməməyimdir. Sanki tilsimlənmişəm. Amma ötən dəfə də belə bir hal olmuşdu. “Qarabağ”ın heyətində uzun müddət fərqlənə bilməsəm də, səfərdə Şimali İrlandiya yığmasının qapısına yol tapmışdım. İnşallah, təki bu dəfə də belə olsun, yenə səfərdə qol vurum. Klubda oynadığım matçlar da olur. Sadəcə, vərəqəyə görə son matçı buraxmışdım. İndidən hələ millidə oynayacağım haqda fikir bildirmək çətindir. Ancaq mənə şans verilsə, çalışacam həm fərqlənim, həm də ən yaxşı oyunumu göstərim.