Millinin məşqi və Rəşad Sadıqovun atmacası
13.03.2013 - 18:53
Millinin məşqi və Rəşad Sadıqovun atmacası
Bu gün saat 16:00-da millinin paytaxtda ilk məşqi baş tutdu. Apasport.az saytının məlumatına görə, Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda başlayan məşq 2013-cü ildə millinin Bakıdakı ilk hazırlığı idi.

İlk günkü hazırlıqda 20 futbolçu iştirak edirdi. Baş məşqçi Berti Foqtsun avtobusdan düşər-düşməz meydançada ilk işi Rasim Ramaldanova nəyisə anlatmaq oldu. Daha sonra futbolçuları 2 qrupa böldü.

Bunlardan 8 oyunçu – Rəşad Sadıqov, Rəşad Sadiqov, Vüqar Nadirov, İlkin Qırtımov, Qara Qarayev, Maksim Medvedev, Mahir Şükürov və Cavid Hüseynov komandadan ayrı çalışdı. Daha doğrusu, bu futbolçular köməkçi məşqçi Olaf Yansenin rəhbərliyi altında qaçış hərəkətlərini yerinə yetirməyə başladı. Bu isə bir gün əvvəl 90 dəqiqə meydançaya çıxmış futbolçuların bərpası üçün idi. Onlar təxminən 45 dəqiqəlik yüngül hərəkətlərdən sonra stadionu tərk etdi.

Yeri gəlmişkən, Rəşad Sadıqovun qaçış vaxtı İlkin Qırtımovla söhbəti maraq doğurmaya bilməzdi. O, “Simurq”a dünənki yenilgidən danışırdı: “Sizin qapıçınız olmasaydı, biz qalıb gələrdik. O, komandanızın yarısıdır”.

Digər 12 futbolçu isə toplu çalışmalar yerinə yetirirdi. Onlar daha sonra 2 tərəfli oyun keçirməyə başladı. Məşqlər zamanı Pərdis Fərcad-Azadın fəallığı hiss olunurdu. Təxminən 90 dəqiqədən sonra məşq yekunlaşdı.