Fayzulin Banişevski kimi tarixə düşdü
26.03.2013 - 07:51
Fayzulin Banişevski kimi tarixə düşdü
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Rusiya yığmasının yarımmüdafiəçisi Viktor Fayzulin ölkəsinin futbol tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı oyunçu martın 25-də Londonda Braziliya (1:1) ilə keçirilən yoldaşlıq görüşündə hesabı açmaqla Rusiya futbol tarixində “sambaçılar”ın qapısından top keçirən 11-ci futbolçu olub.

Belə ki, 1958-ci ildən bu yana qarşılaşdığı Braziliya ilə görüşdə Fayzulin SSRİ yığması da daxil olmaqla Rusiya futbol tarixində qol vuran 11-ci oyunçu ünvanına sahib olub.

Daha əvvəl isə Banişevski, Metreveli, Onişenko, Nazarenko, Çerenkov, Andreyev, Bal, Radimov, Nikiforov və Kornauxov Cənubi Amerika təmsilçilərini məyus etmişdi.

Qeyd edək ki, Rusiya Braziliya ilə 13-cü dəfə üz-üzə gəlib. 2 görüşdə qələbə qazanıb, 8-də meydanı məğlub tərk edib. 3 qarşılamada isə qalib müəyyənləşməyib. Topların fərqində də üstünlük “sambaçılar”ındır - 11:24.