Millimiz ardıcıl 3-cü dəfə final mərhələsinə doğru
26.03.2013 - 14:59
Millimiz ardıcıl 3-cü dəfə final mərhələsinə doğru
Sabah Azərbaycan futzal yığması Avropa çempionatının əsas seçmə mərhələsində mübarizəyə başlayacaq. Apasport.az saytının məlumatına görə, braziliyalı Joze Alesio Da Silvanın yetirmələri Slovakiyanın paytaxtı Bratislavada II qrupun oyunlarına çıxacaq.

Millimizin bu qrupun favoriti sayıldığını desək, yanılmarıq. Hər halda, futzalçılarımız rəqiblərindən fərqli son 2 Avropa çempionatının final mərhələsinin iştirakçısı olub. Özü də 2010-cu ildə Macarıstanda keçirilən məsul turnirdə yarımfinala kimi irəliləyərək, 4-cü yeri tutmuşuq. Düzdür, millimiz bundan 2 il sonra Xorvatiyada qrupda qalmaqla, gözlənilməz nəticəyə imza atdı.

Təbii ki, rəqiblərindən reytinqi yüksək olan yığmamız final mərhələsinə birbaşa vəsiqə verən 1-ci yeri tutmalıdır. Təqvimi də bizim üçün münasib saymaq olar. İlk 2 oyunda futzal ölkələri sayılmayan Norveç və Bosniya və Herseqovina üzərində qalib gəlməyə sadəcə, borcluyuq.

Bundan sonra 1 gün istirahət olacaq və ardından millimizi əsas sınaq gözləyir. Çünki Slovakiyaya həm digərlərindən güclü, həm də ən azı meydan sahibi olduğuna görə diqqət yetirməyə dəyər. Ancaq bu, o demək deyil ki, digər rəqiblərlə oyunda qələbə artıq cibimizdədir. Nəinki futzalda, futbolda, bütün idman növlərində rəqibinə yuxarıdan aşağı baxıb, sonda bunun əziyyətini çəkilməyi halları yetərincə olub.

Millimiz gələn il Belçikada keçiriləcək final mərhələsinə birbaşa çıxmasa belə, şansını saxlayacaq. Bunun üçün qrupda heç olmasa 2-ci yeri tutub, pley-off oyunlarına vəsiqə qazanmaq lazımdır.

27 mart
17:30. Azərbaycan – Norveç
20:00. Slovakiya – Bosniya və Herseqovina

28 mart
20:30. Bosniya və Herseqovina –Azərbaycan
23:00. Slovakiya – Norveç

30 mart
19:30. Norveç – Bosniya və Herseqovina
23:00. Azərbaycan – Slovakiya