Millimiz üçün qeyri-münasib rəqiblər: Polşa hamıdan öndə!
27.03.2013 - 11:36
Millimiz üçün qeyri-münasib rəqiblər: Polşa hamıdan öndə!
Portuqaliya Azərbaycan millisi üçün qeyri-münasib rəqiblərdən biridir. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ün seçmə mərhələsində komandamızı 2 cavabsız qolla məğlub edən pireneylilər millimizi ən çox məyus edən 7 yığma sırasına düşüb.

Belə ki, “qırmızılar” bizimlə 6-cı oyunda 5-ci qələbəni qazanıb. Bununla, onlar eyni sayda qələbəyə malik Türkiyə, Slovakiya, Polşa, Uels, Macarıstana çatıb. Yığmamızın qənimi isə Finlandiyadır. Skandinaviyalılar azarkeşlərimizi hamıdan çox – 7 qarşılaşmada məyus ediblər.

“Bakıda 2 qol, Portuqaliyada darmadağın” ənənəsinə sadiq qalan rəqiblərin duelində vurduğu növbəti 2 qolla pireneylilər Azərbaycan yığmasının qapısından keçirilən topların ümumi sayını 18-ə çatdırıb. Bu göstəricidə “qırmızılar” 2-cidir. Yalnız Polşa millisi komandamıza daha çox qol vurub – 20 dəfə.

Portuqaliyalıların yığmamıza vurduğu qolları isə 12 futbolçu millimizin qapısından keçirib. Ardıcıl 3 oyundur bunu bacaran Bruno Alveş pireneylilərin Azərbaycan üçün ən təhlükəli silahıdır. O, Kriştianu Ronaldo və Luiş Fiqu kimi ulduzlardan da çox – 3 qol vurub.

Ümumilikdə isə portuqaliyalılardan Bruno Alveş 3, Joao Pintu, Pedro Pauleta, Kriştianu Ronaldo, Uqo Almeyda hərəyə 2, Sa Pintu, Paulo Madeyra, Serjio Konseysao, Luiş Fiqu, Rikardo Karvalyo, Elder Poştiqa, Varela isə 1 dəfə yığmamızı məyus edib.