Anar Salmanov: Sarı vərəqəni Rauf Əliyev özü istədi
27.03.2013 - 14:01
Anar Salmanov: Sarı vərəqəni Rauf Əliyev özü istədi
“Portuqaliya ilə oyunda baş hakimin Rauf Əliyevə göstərdiyi hər 2 sarı vərəqə tamamilə doğru qərar idi”. Bunu apasport.az saytına açıqlamasında azərbaycanlı FİFA hakimi Anar Salmanov deyib.

2014-cü il dünya çempionatının seçmə mərhələsində Azərbaycan – Portuqaliya matçını idarə edən ingiltərəli Andre Marriner 55-ci dəqiqədə hücumçu Rauf Əliyevə qırmızı vərəqə göstərərək, meydandan çıxardı. Onun futbolçumuza 4 dəqiqədə göstərdiyi 2 “sarı” qarşılaşmanın nəticəsinə təsir göstərdi. Belə ki, millimiz bundan sonra 2 qol buraxaraq 0:2 hesabı ilə uduzdu.

Təcrübəli həmkarının qərarlarını düzgün hesab edən Salmanov futbolçularımızın oyun qaydalarına riayət etməli olduğunu deyir: “Bu, 17 oyun qaydası hamı üçün hər yerdə eynidir. İstər Azərbaycan, İngiltərə, istər Fransa olsun. Marrinerin “Mançester Yunayted” – “Çelsi” oyununda idarəçiliyə baxmışam. Belə təcrübəli hakimə nə deyəsən? O, Raufa ilk “sarı”nı göstərmək istəmirdi, futbolçu özü bunu istədi. Oyun qaydalarında yazılıb ki, topun qarşısını kəsmək olmaz. Marriner hücumçumuza əvvəl xəbərdarlıq edərək, sonda “sarı” göstərdi. İkinci epizodda isə Rauf hava mübarizəsində rəqibini əllə vurdu. Əslində, dirsəklə vurulanda, zərbənin güclü olmağı, xəsarətin ciddiliyi nəzərə alınaraq, birbaşa qırmızı vərəqə verilir. Ancaq ingilis hakim Əliyevin açıq əllə zərbə vurduğunu nəzərə alaraq, sarı vərəqəni yetərli saydı ki, bu da 2-ci olduğundan, avtomatik qırmızı idi”.

Salmanov bildirib ki, belə halla üzləşməmələri üçün futbolçulara seminar keçmək lazımdır: “Millimiz oyunda 4 sarı, 1 qırmızı vərəqə aldı ki, bu da çoxdur. Futbolçulara oyun qaydaları ilə bağlı seminar keçirmək lazımdır. Əslində, biz hər matçdan öncə toplantılarda qaydaları klub rəsmilərinin diqqətinə çatdırırıq. Topun qarşısını almaq, ona fitdən sonra zərbə vurmaq olmaz. Qırmızı vərəqə varsa, hakim verməlidir. Çünki bunu etməsə, hakim-inspektor ona qırmızı göstərəcək. Heç bir hakim isə aşağı qiymət almaq istəməz”.