45 dəqiqəlik komanda və ya yenilənən rekord
27.03.2013 - 15:43
45 dəqiqəlik komanda və ya yenilənən rekord
Azərbaycan yığması Berti Foqtsun rəhbərliyi altında “quru seriya”sını davam etdirir. Apasport.az saytının məlumatına görə, millimiz ilk hissədə qapısını toxunulmaz saxlamaqla rekordunu yeniləyir.

Belə ki, rəqiblərimiz fasiləyədək komandamıza qol vurmaqda çətinlik çəkirlər. Təsadüfi deyil ki, hələ ötən seçmə mərhələdən başlayan bu rekord qırılmır. Nəticədə Foqtsun komandası artıq 7 oyundur ilk hissəni top buraxmadan bitirir. Bunlar ötən seçmə mərhələni başa vurduğumuz Türkiyəyə səfərdə 0:1 hesabı ilə uduzduğumuz və cari seçmə mərhələdə keçirdiyimiz 6 oyundur.

Millimiz hazırkı rəqiblərindən yalnız Portuqaliya ilə oyunlarını başa vurub ki, bu komandanın vurduğu 5 qolun hamısı fasilədən sonraya təsadüf edir. Lüksemburqla oyun qolsuz heç-heçə bitdiyindən, ümumiyyətlə, qol buraxmamışıq. Rusiya evdə bizə 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada yeganə qolu son dəqiqələrdən penaltidən vura bildi. Şimali İrlandiya yığması Belfastda 1:1 hesablı bərabərliyə qaldığımız matçda isə rəqib 6-cı uzatma dəqiqəsində fərqləndi.

Yığmamız ilk hissədə sonuncu dəfə 2011-ci ilin oktyabrın 10-da fasiləyə kimi qol buraxıb. Bu, “Dalğa Arena”da debütümüzdə Avstriya yığmasına 1:4 hesabı ilə uduzduğumuz matçdır. Onda rəqibin təcrübəli futbolçusu Andreas İvanşiç 34-cü dəqiqədə hesabı açmışdı. Növbəti oyunumuzu evdə autsayder Lüksemburqla keçirəcəyimizdən, 2-ci ildir davam edən seriyanı qırılmamaq şansı böyükdür. Göründüyü kimi, futbolçu karyerasında müdafiəçi olan Foqtsun arxa xətti etibarlı olsa da, bu, hələlik ilk 45 dəqiqəlikdir.

Əgər yoldaşlıq görüşlərini də nəzərə alsaq, millimiz sonuncu dəfə ilk hissədə ötən ilin mayın 23-də Yaponiya yığmasına səfərdə 0:2 hesabı ilə uduzduğu top buraxıb. Onda məşhur Sindzi Kaqava bizi oyuna mərkəzdən başlamağa məcbur etmişdi.

Mehman SÜLEYMANOV