Elxan Məmmədov: Berti Foqtsun istefasından söhbət getmir
27.03.2013 - 16:32
Elxan Məmmədov: Berti Foqtsun istefasından söhbət getmir
AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan millisinin Lüksemburq və Portuqaliya yığmalarına qarşı göstərdiyi oyunu qiymətləndirib. Apasport.az saytının xəbərinə görə, komandamız Lüksemburqa 3 xal üçün yollansa da, istəyinə çata bilməyib.

"Lüksemburqla oyuna milli 3 xal dalınca getmişdi, amma nəzərə almaq lazımdır ki, bu, səfər oyunu idi. Lüksemburq yığması reytinqə görə qrupumuzda Azərbaycan millisinə ən yaxın komandadır. Ona görə də qələbə qazanmaq arzuları var idi. Bir xal qazandıq, eyni zamanda, 2 xal itirdik. Çünki qol vurmaq imkanımız var idi. Birinci hissədə nəzarət, demək olar bizdə idi. Sonra isə oyun bir az bərabər getdi. İkinci hissədə yenə oyunun 20 dəqiqəsi meydanın onlara aid hissəsində keçdi. Rəqibin də bir-iki imkanı oldu, amma bizdə daha çox imkan oldu. Sonda futbolda nəticə vacibdir" – deyə, Məmmədov bildirib.

Portuqaliya ilə qarşılaşmaya gəlincə, baş katib deyib ki, Azərbaycan millisi bu oyuna ciddi hazırlıq keçmişdi: “Oyunun 60-cı dəqiqəsinə, daha doğrusu, oyunçumuzun qırmızı vərəqə almasına qədər meydanda 11 nəfər olan komandamız intizamlı şəkildə müdafiə olunmaq bacarığını göstərməyə çalışdı və qol buraxmadı. Portuqaliya dünyanın 10 ən yaxşı komandasından biridir və ona qarşı hücum futbolu oynamaq təbii ki çətindir. Buna baxmayaraq, futbolçularımız birinci hissədə hücuma getməyə də çalışdılar. Portuqaliyanın birinci hissədə 2 real şansı var idi, lakin bundan istifadə edə bilmədilər. Sonra isə təəssüflər olsun ki, Rauf Əliyev 2 sarı vərəqədən sonra qırmızı vərəqə alaraq kənarda qaldı və 10 nəfərlə Portuqaliyaya qarşı oynamaq təbii ki çox çətin idi. Nəticədə, əvvəl 63-cü dəqiqədə, sonra isə 79-cu dəqiqədə qol buraxdıq".

AFFA-nın baş katibi Portuqaliya ilə oyunda stadionda səslənən xoşagəlməz şüarlara da münasibətini açıqlayıb:

"Bu oyunda hər bir azərbaycanlını məyus edən faktlar oldu. Onlardan biri odur ki, komanda Portuqaliyaya qarşı oynayır, birinci qolu buraxır və bir dəqiqə sonra stadiondakı bir qrup azarkeş "istefa" şüarı səsləndirməyə başladı. Bu da öz-özlüyündə milli komandanın üzvlərini ruhdan salır. Bu gün biz özümüzdən, komandadan daha böyük nəticələr gözləyirik, amma reallıqla hazırda bu nəticəni gözləmək düzgün deyil. Komanda keçən seçmə mərhələdə rekord miqdarda xal qazanıb. Bu il də bəzi azarkeşlər motivasiya etmək əvəzinə, əksini edirlər. O insanlar ki "istefa" qışqırır, onlar bunu Azərbaycan futboluna qeyri-sabitlik gətirmək üçün bilə-bilə edirlər. Bu şüarlar ancaq buna yönəldilib. Biz təbii ki, təhlil aparırıq. Siz elə bilirsiniz, komanda uduzanda biz baş məşqçi ilə problemləri müzakirə etmir, narazılığımızı bildirmirik? Təbii ki, edirik”.

AFFA-nın baş katibi “Trend”ə bildirib ki, baş məşqçi Berti Foqtsun istefasını bir qrup insan səsləndirir: "Bu seçmə mərhələyə başlayanda komandanı Berti Foqtsa tapşırmışıq və onunla müqavilə bağlamışıq. AFFA prezidentinin və rəhbərliyinin də mövqeyi belədir ki, müqavilə müddətinin sonuna qədər bu insan çalışmalıdır. Bu gün onun istefasından söhbət getmir. Söhbət ondan gedir ki, hazırda bu adam işləyir və müqaviləsi ilin sonuna qədərdir".

AFFA rəsmisi bildirib ki, Azərbaycan millisinin hər bir futbolçusu əlindən gələn hər bir şeyi edir ki, qalib gəlsin: "Tənqid edirlər. Siz nə hesab edirsiniz? Komanda meydana uduzmağa çıxır? Komanda ancaq və ancaq udmağa çıxır. Amma bu gün biz realist olmalıyıq və deməliyik ki, hansısa oyunda alınır, hansısa oyunda alınmır. İsrailə qarşı alındı, Şimali İrlandiyaya qarşı alındı. Komanda maksimum gücünü ortaya qoyur".