43-cü final və ya həsrət qalanlardan kim sevinəcək?
14.05.2013 - 15:56
43-cü final və ya həsrət qalanlardan kim sevinəcək?
Sabah bütün dünyanın diqqəti Hollandiyaya yönələcək. Apasport.az saytının məlumatına görə, Avropada cari mövsüm klub turnirinin ilk qalibi Amsterdamda müəyyənləşəcək.

Qalib 33 ildən sonra avrokubokların finalına çıxan “Benfika” ilə Çempionlar Liqasının (ÇL) son qalibi “Çelsi” arasında Avropa Liqasının final matçında bilinəcək. Bu, əvvəllər UEFA kuboku adlanan turnirdə 43-cü, Avroliqa adı ilə 4-cü final olacaq.

“Benfika” mübarizəyə bu turnirdən başlayıbsa, “Çelsi” son qalibi olduğu ÇL-də qrup mərhələsində iştirak edirdi. Ancaq londonlular qrupda 3-cü olduğundan, mübarizəni Avroliqada davam etdirməli oldular.

“Tottenhem”in ilk qalibi olduğu bu turniri ümumilikdə 26 klub qazanıb. Onlardan 11-i buna 1 dəfədən çox nail olub. “İnter”, “Yuventus” və “Liverpul” yarışı ən çox qazananlardır – 3 dəfə.

“Real”la “Sevilya” isə UEFA kubokunda titullarını qoruya bilən klublar sayılır. Madridlilər bunu 1985, 1986, sevilyalılar 2006 və 2007-ci illərdə bacarıb. İtaliya isə turnirdə qələbələrin sayına görə rekordçudur – 9 dəfə. Almaniyanın hər iki “Borussiya”sı, habelə “Marsel” və “Espanyol” turnirin finalında hamıdan çox (2 dəfə) uduzan komandalardır.

Avroliqanın son qalibi “Atletiko” bu dəfə mübarizəni 1/16 finalda dayandırdı. Madridlilər “Rubin”ə 2 oyunun nəticəsinə görə (evdə 0:2, səfərdə 1:0) yenildi. “Atletiko” ötən il Buxarestdə keçirilən finalda həmyerliləri “Atletiko”ya 3:0 hesabı ilə qalib gəlmişdi.

İndiyədək yarışın finalında yalnız 1 dəfə - 1983-cü ildə oynayan “Benfika” “Anderlext”ə 1:2 hesabı ilə uduzub. “Çelsi” isə ÇL ilə yanaşı, artıq tarixin yaddaşına köçən Kuboklar Kubokunu qazansa da, UEFA kubokunda finalçısı olmayıb.

15 may
Avropa Liqası, final

23:45. “Benfika” (Portuqaliya) – “Çelsi” (İngiltərə)
Amsterdam. “Amsterdam Arena” stadionu
Baş hakim: Byorn Kaypers (Hollandiya)
0