Rail Məlikov: Tahir Süleymanov “Neftçi”də qara iş görür
23.05.2013 - 15:30
Rail Məlikov: Tahir Süleymanov “Neftçi”də qara iş görür
“Mən komandadan getdikdən sonra haqqımda çox yazıldı. Vitse-prezident Tahir Süleymanov tərəfindən səhv məlumatlar verildi. İndi hər kəs kimin kim olduğunu bilir. Yalandan boş-boş danışmaqla deyil. Şükür Allaha, Türkiyəyə gedib, sübut elədim”. Apasport.az saytının xəbərinə görə, bu sözləri millimizin sabiq futbolçusu Rail Məlikov deyib.

Hazırda Türkiyədə “Dənizlispor” klubunun şərəfini qoruyan Məlikov ötən yay “Neftçi”dən kənarlaşdırılmışdı. “Hapoel”lə səfər matçından sonra rəhbərlik qapıçı Rauf Mehdiyevlə Məlikovu “qara-siyahı”ya salmışdı.

Railin fikrincə, onu komandadan uzaqlaşdırılması kiməsə lazım imiş: “Tahir Süleymanov deyir ki, biz günahı futbolçunun və ya məşqçinin üstünə atan klublardan deyilik. Ancaq onun sözü ilə əməli düz gəlmir. O zaman məğlubiyyət niyə bizim üstümüzə atıldı? Yəni, burada başqa söhbətlər vardı. Süleymanov “Neftçi”də qara iş görür. Bunu hamı deyir”.

“Dənizlispor”dakı vəziyyəti haqda da danışan Məlikov “futbol11.az” saytına müsahibəsində hər şeyin yaxşı olduğunu vurğulayıb: “Hər şey yaxşıdır. Rəhbərlik həm Arif İsayevdən, həm də məndən razıdır. Heç bir narazılıqları yoxdur. Bizi buraxmaq istəmirlər. Əksinə, mənə deyiblər ki, bizim üçün yaxşı oyunçular gətir”.
0