Böyük final: ... “Borussiya” çempion olacaq!
24.05.2013 - 19:00
Böyük final: ... “Borussiya” çempion olacaq!
Sabah Avropanın ən güclü komandası bəlli olacaq. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının (ÇL) 2012/13 mövsümü Almaniya klubları arasında keçiriləcək final matçı ilə bitəcək. Son çempion “Bavariya” bunadək ardıcıl 2 dəfə Bundesliqanın qalibi olan “Borussiya” ilə qarşılaşacaq.

Münhenlilər ardıcıl ikinci il finala çıxıb, ötən il öz meydanlarında “Çelsi”yə matç sonrası penaltilər seriyasında uduzubsa, rəqibi həlledici matçda 16 il öncə oynayıb. Belə ki, Dortmund klubu 1997-ci ildə finalda “Yuventus”a qalib gələrək, ÇL-i qazanıb. “Bavariya” isə bunadək 4 dəfə - 1974-76-cı illərdə turnir Çempionlar Kuboku adlananda 3 il dalbadal və CL kimi 2001-ci ildə hamıdan güclü olub.

ÇL-də 1 dəfə - 1998-ci ildə üzləşən rəqiblərin 1/4 finaldakı dueli “Borussiya”nın qələbəsi ilə nəticələnib – 1:0. Bu, komandanın evdəki cavab oyununun əlavə vaxtında qazandığı uğurdur.

1955-ci ildən keçirilən və 1992-ci ildən ÇL adlanan yarışın qalibi 22 klub olub. Onlardan 12-si bunu 1 dəfədən çox qazanıb. İspaniya klubları 13 dəfə turnirin qalibi olub ki, onlardan “Real” mütləq rekordçudur – 9 dəfə!

Maraqlıdır ki, yarış hazırkı adını daşıdığı bu müddətdə heç bir komanda onu ardıcıl 2 dəfə qazana bilməyib. Buna sonuncu dəfə nail olan “Milan” 1989 və 1990-cı illərdə Çempionlar Kubokunu qazanıb.

90 minlik “Uembli” 7-ci dəfə Avropanın ən nüfuzlu klub turnirinin finalını qəbul edəcək. Maraqlıdır ki, arxada qalan 6 oyunun heç birində nominal meydan sahibləri uduzmayıb.

Deməli, bu tendensiya davam edərsə, “Borussiya” qalib olacaq.

Çempionlar Liqası, final
25 may


23:45. “Borussiya” (Dortmund, Almaniya) – “Bavariya” (Almaniya)
Baş hakim: Nikola Rizzoli (İtaliya)
London. “Uembli” stadionu
0