Berti Foqts: Bəzi futbolçular heç məşq etməyib
30.05.2013 - 01:45
Berti Foqts: Bəzi futbolçular heç məşq etməyib
“Belə bir sınaq oyununun keçirilməsinə nail olduğumuz üçün çox şadam. Qarşılaşma futbolçuları iş başında görmək üçün son dərəcə vacib idi. Onu da qeyd edim ki, komanda üzvlərinin heç də hamısı bu sınaqdan çıxa bilmədilər. Ümumiyyətlə, mənə elə gəldi ki, bəzi futbolçular millinin toplanışına qədər olan son 10-12 gündə heç məşq etməyiblər. Görünür, mən futbolu bəzi futbolçulardan daha çox sevirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı mütəxəssis yığmamızın Doha şəhərində Qətərlə (1:1) keçirilmiş yoldaşlıq oyunundan sonra AFFA-nın saytına fikirlərini bildirib: “İkinci hissədə daha yaxşı oynamağımızın səbəbi təkcə əvəzetmələr deyil, həm də bəzi futbolçuların oyuna münasibəti idi. Sadə oynayanda oyunumuz daha yaxşı alınır. Fasilədən sonra rəqibi üstələməyimiz həm də onu göstərdi ki, bəzi futbolçularımız fiziki cəhətdən yüksək səviyyədədir”.

Foqts bu qarşılaşmanın Asiya təmsilçisi üçün də önəmli olduğunu vurğulayıb: “Unutmayaq ki, bu oyun Qətər yığması üçün də xeyli əhəmiyyət kəsb edirdi. Qarşıda onları İran millisi ilə vacib oyun gözləyir. Əgər Qətər yığması son iki oyunda qalib gəlsə, dünya çempionatına vəsiqə qazanacaq. Onlar reytinqdə də bizdən irəlidədir. Ümumi təhlil etsək, ikinci hissədən razıyam. Bir daha qeyd edim ki, Lüksemburq yığması ilə oyun ərəfəsində bu, yaxşı test oldu”.
0