“Beşiktaş”ın baş məşqçisi: Bu, futbolunuzu inkişafa aparacaq – MÜSAHİBƏ
31.05.2013 - 09:30
“Beşiktaş”ın baş məşqçisi: Bu, futbolunuzu inkişafa aparacaq – MÜSAHİBƏ
II Qəbələ kuboku turnirində iştirak edən “Beşiktaş”ın 15 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Kaan Dəmirin apasport.az saytına müsahibəsi

- Turnirlə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Çox yaxşı təşkilatçılığın olduğunu düşünürük. Əməyi keçən hər kəsə də təşəkkür edirik. Turnirdə iştirak etməyimiz oyunçularımız baxımından yaxşı bir təcrübə oldu. Hazırda turnir yaxşı keçir.

- Niyə “Beşiktaş” bu turnirdə zəif təsir bağışlayır?
- Sözün düzü, bu yaş qrupunda yenilgilərə çox da fikir vermirik. Önəmli olan futbolçuların inkişafı, onların burda təcrübə toplamasıdır. Məğlubiyyətlərin üzərində çox dayanmırıq. Çünki bu, 15 yaşlılardır. Bu yaş qruplarında isə oyunların müddəti qısa olur. Təcrübə baxımından bizim üçün turnir yaxşıdır.

- “Qəbələ”yə qrupda məğlub oldunuz. Bu oyunla bağlı nə deyə bilərsiniz?
- Həmin oyunda yaxşı çıxış etdik. Ancaq matçın qırılma anı penalti epizodu idi. Məhz bundan sonra tempimiz aşağı düşdü, ruhdan düşdük.

- Fikirləşirsiniz ki, “Qəbələ”nin vurduğu penaltidə hakim yanılmışdı?
- Bu penalti gözlədiyimiz penalti deyildi. “Qəbələ”nin məşqçisi də sonradan bunu təsdiqlədi. Bu penalti oyunun qırılma anı oldu.

- “Qəbələ” necə gözünüzə dəydi?
- Yaxşı komandadır, yaxşı oynayırlar. Başlarında Halim hoca var. O da Azərbaycan futboluna xidmət edir.

- Bura gəlməmişdən öncə bilirdinizmi ki, Əli Yavaş, Halim Fıçıcı və Rəcəp Yazıcı burda işləyir və ya işləyib?
- Bilirdim. 6-7 il əvvəl “Qalatasaray”dan tanıdığımız məşqçilərdir. Buraya xeyir verdiklərini də çox yaxşı bilirik.

- Amma onlar əzəli rəqibiniz olan “Qalarasaray”ın məşqçiləridir...
- (gülür).

- Ötən turnirdə “Qalatasaray”ın çempion olduğunu bilirdinizmi?
- Bilirəm. Ötən il “Qalatasaray” 1997 təvəllüdlü futbolçularla çempion oldu. İnşallah, növbəti il bu turnirə dəvət olarsa, qatılmaq istəyərik.

- Deyəsən, təşkilatçılar növbəti il “Fənərbaxça”ya dəvət göndərəcəklər. Çünki növbə ilə çağırırlar...
- Ola bilər.

- “Qəbələ”nin əsas komandası ilə bağlı nələri eşitmisiniz?
- Açığı, komanda haqda eşitsəm də, futbolçuları haqda çox məlumata sahib deyiləm. Ona görə də bununla bağlı çox danışa bilmərəm. Toni Adamsın burda çalışdığını eşitmişəm.

- Bizdə həmişə Türkiyə futbolu ilə müqayisə aparılır. Sizcə, neçə ilə futbolumuz ən azı Türkiyədəki səviyyəyə çata bilər?
- Bu, ölkə xaricindən gələn futbolçuların səviyyəsindən asılıdır. Azərbaycan futbolu da təsisləşmə baxımından inkişaf edir. Millilərin oyunlarında da yığmanızı izləyirik. Türkiyəyə qarşı yaxşı oynayırsınız. Çempionatınızı izləyə bilməsəm də, liqanızın səviyyəsinin yaxşı olduğunu düşünürəm. Zaman keçdikcə yaxşı məşqçilər gələcək və bu da sizin futbolu inkişafa aparacaq.

Səbuhi TOFİQOĞLU
0