Sadıq Sadıqovun qoçuları Lənkəranı ayağa qaldırdı
31.05.2013 - 15:45
Sadıq Sadıqovun qoçuları Lənkəranı ayağa qaldırdı
Azərbaycan kubokunun finalında baş verən hadisələr getdikcə daha böyük müstəviyə çıxır. Apasport.az saytının xəbərinə görə, Lənkəran ictimaiyyəti ölkə başçısı İlham Əliyevə müraciət etməyə hazırlaşır.

Müraciətdə “Neftçi” rəhbərliyinin qoçu dəstəsi saxlamaqla son 3 ildə “Bakı”, “Qarabağ” və “Xəzər Lənkəran” futbolçularının döyülməsini təşkil etdirdiyini, klub prezidenti Sadıq Sadıqovun pərdəarxası oyunlara getməklə hakimlərə zor və güc hesabına komandasının qələbələrinin təmin edilməsinə şərait yaratması yer alacaq. Buna sübut kimi müraciətdə “Bakı”nın futbolçusu İbrahim Karqbo və Elvin Əliyevin, o cümlədən “Xəzər Lənkəran”ın futbolçusu Kamran Abdullazadənin “Neftçi”nin qoçu dəstəsinin rəhbəri Güloğlan Cabbarov tərəfindən döyülməsini əks etdirən foto və video kadrlar əlavə olunacaq.

“12cioyuncu” saytının yaydığı xəbərə görə, müraciətdə Cənab İlham Əliyevin idmanın inkişafına yürütdüyü siyasətin əleyhinə çıxan Sadıq Sadıqovun və PFL prezidenti Ramin Musayevin vəzifələrindən azad olunması, “Neftçi” klubunun qoçu dəstəsinin rəhbəri Güloğlan Cabbarovun və Azərbaycan kubokunun finalında baş verən iğtişaşda yer alan digər klub nümayəndələrinin haqqında həbs qəti imkan tədbirinin seçilməsi xahiş olunacaq.

Müraciətə ziyalıların, şəhid ailələrinin və cənub bölgəsinin futbol ictimaiyyətinin qoşulacağı gözlənilir.