Avropa Liqasının ikincisi
27.07.2013 - 10:08
Avropa Liqasının ikincisi
UEFA Avropa Liqasının ilk 2 təsnifat mərhələsinin statistik göstəricilərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, iştirakçı klubların müxtəlif göstəricilər üzrə cədvəllərində Azərbaycan təmsilçilərinin də fərqləndiyi məqamlar var.

Ağdamın “Qarabağ” klubu ən çox qayda pozuntusuna məruz qalan komandalardandır. Rəqibləri 4 oyunda 73 dəfə təmsilçimizi kobudluqla dayandırıb. Qurban Qurbanovun yetirmələri bu göstəricidə Avropa Liqasının 2-ci komandasıdır. Yalnız Moldova “Milsami”si daha çox – 81 dəfə qayda pozuntusuna məruz qalıb.

Başqa göstəricilərdə də təmsilçilərimiz ilk “10-luğ”a düşüb. “Xəzər Lənkəran” qırmızı vərəqə alanlar arasında fərqlənib. Elnur Allahverdiyev və Elnur Abdulayevin cəzalanması ilə təmsilçimiz 2 dəfə azlıqda qalan 4 komandadan biridir. Yalnız Albaniya “Laçi”si daha çox – 3 qırmızı vərəqə ilə cəzalanıb.

Komandalarımız çərçivəyə düşməyən zərbələrdə xüsusilə seçilir. Burada 30 zərbəsi olan “Xəzər Lənkəran” 8-cidir. Cəmi 1 dəfə az qeyri-dəqiq olan “Qarabağ” 9-cu yerə şərikdir. Elə 28 dəfə hədəfdən yayınan “İnter” də “10-luğ”a yaxındır. Onlar 11-ci yerə şərikdir.