“Əminəm ki, məni “Neftçi”yə çağırmayacaqlar”
27.07.2013 - 15:58
“Əminəm ki, məni “Neftçi”yə çağırmayacaqlar”
“Qarabağ” III təsnifat mərhələsini keçməlidir. Ağdam təmsilçisi “Gefle”ni də mübarizədən kənarlaşdıracaq”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycanın tanınmış futbol veteranı İqor Ponomaryov deyib.

“Neftçi”nin sabiq futbolçusu, Azərbaycan milli komandası və “Xəzər Lənkəran”la yanaşı “Qarabağ”ın da baş məşqçisi olan mütəxəssis uzun illərdir İsveçdə yaşayır. Bu ölkənin futboluna ən yaxşı bələd olan həmyerlimiz Avropa Liqasının III təsnifat mərhələsində yeganə təmsilçimiz olan “Qarabağ”ın İsveç “Gefle”sindən daha güclü olduğunu düşünür: “Qarabağ” rəqibindən daha güclü komandadır, futbol oynamağı da bacarır. Rəqibi isə daha çox güc futboluna üstünlük verir. Oyunlarını görmüşəm. Bu komanda çempionatın ortababıdır. Hətta yüksək liqada qalmağa da oynayır. Maliyyə baxımından o qədər də güclü klub deyil. Keçiləsi rəqibdir.

Ponomaryov avqustun 8-də Sundsvall şəhərində keçiriləcək cavab oyununda komandamıza dəstək olmağa da hazırdır: “Yaşadığım şəhərlə oyunun baş tutacağı məkan arasında xeyli məsafə var. Lakin dəvət etsələr gedib qarşılaşmanı izləyərəm. Bunun üçün “Qarabağ” rəhbərliyi məni qonaq kimi dəvət etməlidir”.

Mütəxəssis klublarımızın avrokuboklardakı çıxışlarını qısaca dəyərləndirib o qədər də inkişaf olmadığını qeyd edib: “Azərbaycan klublarının avrokuboklardakı oyunlarından xəbərim var. Matçları izləməsəm də nəticələri bilirəm. Nədənsə futbolumuz irəli getmir. Elə əvvəl hansı səviyyədə idisə, yenə elədir. Çox istəyirəm ki, daha yaxşı olsun. Amma elə yerində qalıb”.

Çempionlar Liqasında mərhələ adlaya bilmədikdən sonra istefa verən Böyükağa Hacıyevin tərk etdiyi “Neftçi”nin baş məşqçisi postu bir neçə gündür boşalıb. Artıq bu vəzifəyə xeyli namizədlərin də adı çəkilir. Dəfələrlə adı Azərbaycan klubları ilə yanaşı hallanan Ponomaryov uzun illər şərəfini qoruduğu komandadan dəvət gözləmir: “Baş məşqçi postunun boş qalmasından xəbərim var. Lakin məni ora çağırmazlar. Əminəm ki, belə də olacaq. Səbəb? Səbəb isə odur ki, görün neçə ildir İsveçdəyəm. Çağıran olsaydılar indiyədək harasa dəvət edərdilər”.

Dünya çempionatının seçmə mərhələsindən sonra Berti Foqtsun müqaviləsi başa çatır. AFFA artıq onun yerinə alternativ namizədlər siyahısı tərtib ediləcəyini də açıqlayıb. Ponomaryovun namizədlər sırasında olacağını gözləyənlər də var. Lakin mütəxəssis fərqli düşünür: “Yığmada çalışmaqla bağlı da hər hansı ümidim yoxdur”.