İvan Benites: Yorğun olmağımızla bağlı deyilənləri qəbul etmirəm
28.07.2013 - 15:53
İvan Benites: Yorğun olmağımızla bağlı deyilənləri qəbul etmirəm
“Tromsö ilə cavab oyununda meydana çıxmamağımın səbəbini bilmirəm. Ola bilsin ki, baş məşqçi Norveçdə buraxılan toplarda mənim səhvimin olduğunu düşünüb. Oynamamışamsa, problem yoxdur”. Bunu apasport.az saytına açıqlamasında “İnter”in mərkəz müdafiəçisi İvan Benites deyib.

İspaniyalı futbolçu Avroliqanın 2-ci təsnifat mərhələsinin Tromsödə baş tutan görüşündə meydanda olsa da, Bakıdakı cavab qarşılaşmasında meydana çıxmadı. Baş məşqçi Kaxaber Tsxadadze onun yerinə isə meydana həmyerlisi Laşa Salukvadzeni meydana buraxmağı məqsədəuyğun saydı.

2009-2010-cu illər ərzində ölkəsində “Barselona” və Madrid “Atletiko”sunun B komandalarında çıxış etmiş Benites “Tromsö”nü yenə bilməmələrinin səbəbini göstərib: “İkinci yarıda yorğun olmağımızla bağlı deyilənləri qəbul etmirəm. Əksinə, yorğun olsaydıq, qələbə topunu fasilədən sonra vura bilərdikmi? Sadəcə olaraq, Norveçdə şanslarımızdan maksimum yararlanmalıydıq. Belə olsaydı, bu gün bizim adımız da 3-cü təsnifat mərhələsində çəkilərdi”.

Kiprin “Nea Salamina” klubundan “İnter”ə keçən 25 yaşlı futbolçu çempionatımızda çıxış edən ispaniyalı futbolçulardan bəzilərini tanıdığını bildirdi: “Toni Doblas, Alvaro Silva və Mario Rubionu tanıyıram. Mario ilə Kipr çempionatında oynayarkən tanış olmuşuq. O, “Olimpiakos”da çıxış edirdi”.

Səbuhi TOFİQOĞLU