Bolqarıstanın MOİK klubu qeyri-adi hadisə ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, Qreqorye Akçelrod adlı şəxs futbolçu profili ilə saxta yolla Sofiya təmsilçisi ilə müqavilə imzalayıb.
Bunu Akçelrod özü Britaniya mətbuatına açıqlamasında etiraf edib. O bildirib ki, kluba saxta CV, eyni zamanda öncədən hazırladığı oyun raportları ilə dolu olan şəxsi internet saytını göndərib. Həmin vaxt PSJ-nin əvəzedici heyətində “oynadığını bildirən” Akçelrod “Norviç”, “Bornmut” və “Suindon” kimi klublardan baxışdan keçmək təklifi aldığını vurğulayıb. Maraqlıdır ki, həmin klublardan, həqiqətən də, belə bir təklif alıb.
Akçelrod Bolqarıstan təmsilçisinin onun PSJ-də “oynadığına” inandığını bildirib. Ancaq ilinə 1 milyon dollarlıq müqavilə imzalayan “futbolçu”nun saxtakarlığını azarkeşlər üzə çıxarıb: “MOİK-də iki gün baxışdan keçdim. Baş məşqçi məni bəyəndi, müqavilə imzalayanda şəkillərimi internetdə yaydılar. Ancaq bəzi azarkeşlər PSJ fanatlarından mənim barəmdə soruşub. Bundan sonra da “MOİK saxta futbolçu ilə müqavilə bağladı” başlıqlı xəbərlər çıxdı. Məni “yandıran” PSJ azarkeşləri oldu”.
Qeyd edək ki, Qreqorye Akçelrod saxta yolla Yunanıstan, Küveyt və Kanadada çıxış edib.