246-cı duel, "Real"ın üstüntünlüyü, Messinin şəriklik arzusu - “El Klasiko”da
10.04.2021 - 11:37
246-cı duel, "Real"ın üstüntünlüyü, Messinin şəriklik arzusu - “El Klasiko”da

İspaniya La Liqasının XXX turu çərçivəsində bu gün əzəli rəqiblər “Real”la “Barselona” üz-üzə gələcək.

Apasport.az saytının məlumatına görə, dünyanın ən böyük matçı hesab edilən “El Klasiko” tarixində komandalar 246-cı dəfə qarşılaşacaq.

180 ölkədə canlı yayımlanması gözlənilən matç öncəsi “Real”ın üstünlüyü var. İndiyə qədər bütün turnirlərdə baş tutan 245 “El Klasiko”nun 97-də “kral klubu”, 96-da isə kataloniyalılar sevinən tərəf olub. 52 oyunda bərabərlik qeydə alınıb.

İspaniya nəhənglərinin La Liqa çərçivəsindəki görüşlərində madridlilər 2 qələbə üstündürlər – 74:72. Komandalar 35 qarşılaşmada qalibi müəyyənləşdirə bilməyiblər.

“El Klasiko”larda ən çox oyun keçirən futbolçu “Real”ın kapitanı Serxio Ramosdur – 45. “Barselona”nın kapitanı Lionel Messinin aktivində 44 görüş var. Ramos zədə səbəbindən matçı buraxacağından, Leo bu gün meydana çıxmaqla müdafiəçinin rekorduna şərik olacaq. Bundan başqa, “El Klasiko”larda 26 dəfə fərqlənən Messi əzəli rəqabətdə ən çox qol vuran futbolçudur.

Qeyd edək ki, “Alfredo di Stefano” stadionunda keçiriləcək “Real” – “Barselona” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq. Hazırda La Liqada “Barselona” 65 xalla ikinci, “Real” isə 63 xalla ikinci pillədə qərarlaşır.