Çempionlar Liqasının 1/8 final mərhələsində Dortmund “Borussiya”sı ilə “Sevilya” arasında keçirilən cavab oyununda yaşanan qalmaqalın təfərrüatları bəlli olub.
Apasport.az saytının məlumatına görə, “Borussiya”nın hücumçusu Erlinq Halandın penalti zərbəsi yerinə yetirərkən “Sevilya”nın qapıçısı Yassin Bononun “Kiriçoço” deyə qışqırması cütlük arasında gərginliyə yol açıb.

Çünki Halandın ikinci qoldan sonra qolkiperə yaxınlaşaraq eyni şəkildə ona qışqırması İspaniya klubunun digər futbolçularını qəzəbləndirmişdi.
Əslində isə “Kiriçoço” söyüş yox, rəqibə şanssızlıq gətirməsi üçün işlədilən ifadədir. Bu söz 1982-ci ildəki hadisədən sonra Cənubi Amerika futbolunda sürətlə yaranmış bir inancı bildirir.

Argentinanı dünya çempionu edən Karlos Bilardo “Estudiantes”ə rəhbərlik etdiyi 1982-ci ildə yerli klubun “Kiriçoço” ləqəbli bir azarkeşi hər məşqə gəlirmiş. Qəribədir ki, uşağın izlədiyi hər məşqdə bir futbolçu zədələnirmiş. İnancları olan Bilardo bundan başqa cür yararlanmaq qərarına gəlib. Onun tapşırığı ilə “Kiriçoço” artıq rəqib komandalar stadiona gələndə onları qarşılamağa başlayıb.

“Estudiantes” həmin il birinci liqanın çempionu olub və öz meydanında cəmi bir görüşdə məğlub olub. Komanda öz meydanında yalnız “Boka Xuniors”a uduzub. Çünki rəqibin “Kiriçoço” ilə bağlı planını bilən “Boka Xuniors” rəhbərliyi həmin gün stadiona gələndə xüsusi tədbir görərək, həmin azarkeşi komandaya yaxın buraxmayıb.
Yaxın keçmişdə də bəzi matçlarda futbolçuların hansısa epizod zamanı “Kiriçoço” deyə qışqırması məhz rəqibə uğursuzluq gətirməsi üçün edilib. Məsələn, 2019-cu ildə Amerika Kubokunda 3-cü yer uğrunda Argentina – Çili matçında ikincilər penalti yerinə yetirərkən birincilərin hücumçusu Paulo Dibala “Kiriçoço”dan imdad diləyib.

DÇ-2010-un final görüşündə Niderland millisinin lideri Aryen Robben İspaniya yığmasının qapıçısı İker Kasilyasla təkbətək qaldığı zaman ispanların müdafiəçisi Joan Kapdevila “Kiriçoço” deyə qışqırıb və epizod qolla nəticələnməyib. Kapdevila illər sonra məhz “Kiriçoço”nun onlara çempionluq gətirdiyini söyləyib.