Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazinin işsizliyinə son qoyulub.
Apasport.az saytının məlumatına görə, üç ilə yaxındır işsiz qalan italiyalı çalışdırıcı AFFA-nın İcraiyyə Komitəsinin qərarı ilə yığmamızın baş məşqçisi vəzifəsinə təyin olunub.
Tam adı Covanni De Byazi olan italiyalı futbolçu kimi çıxış etdiyi 1974-1990-cı illərdə yarımmüdafiəçi ampluasında oynayıb. O, vətənində “Trevizo”, “İnter”, “Recina”, “Peskara”, “Breşiya”, “Venetsiya”, “Palermo” və “Virtus”un şərəfini qoruyub.
Məşqçilik fəaliyyətinə 1990-cı ildə start verən De Byazi “Virtus” və “Viçentsa”da yeniyetmələrdən ibarət komandalara rəhbərlik edib. Sonradan “Vastese”, “Karpi”, “Kosensa”, “Spal”, “Modena”, “Breşiya”, “Torin” və “Udineze”də işləyən mütəxəssis İspaniyada da çalışıb.
O, bu ölkədə “Levante” və “Alaves”ə rəhbərlik edib. Üç ildir işsiz olan italiyalının son klubu da “Alaves” olub.
O, bu klubda cəmi iki ay duruş gətirib. 2017-ci ilin sentyabrın sonlarında ümidlərlə komandaya gətirilən italiyalı 10 matçdan sonra – noyabrda vəzifəsindən kənarlaşdırılıb. De Byazi həmin vaxtdan işsiz qalıb.
Klub karyerasında diqqətçəkən uğuru olmayan De Byazinin öyünə biləcəyi fəaliyyəti Albaniya millisində olub. O, 2011-17-ci illərdə bu yığmanın baş məşqçisi kimi fəaliyyət göstərib.
Avropa çempionatının final mərhələsində iştirakçıların sayının artması, üstəlik, Albaniyada ən yaxşı futbolçu nəslinin yetişdiyi vaxtda bu ölkədə çalışması tarixi nailiyyətlə nəticələnib. “Qarabağ”ın futbolçusu Ansi Aqollinin də şərəfini qoruduğu milli tarixində ilk dəfə final mərhələsinə yüksələrək AVRO-2016-da mübarizə aparıb. Lakin bu uğurun ardı gəlmədiyindən cəmi bir il sonra postunu tərk edib.