Maksim Medvedev niyə əvəzləndi? – Qurban Qurbanov açıqladı
01.02.2022 - 19:36
Maksim Medvedev niyə əvəzləndi? – Qurban Qurbanov açıqladı

“Qarabağ”ın kapitanı Maksim Medvedevin Azərbaycan kubokunun 1/4 final mərhələsində “Keşlə” ilə ilk görüşdə əvəzlənməsinin səbəbi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov "CBC Sport" kanalına açıqlamasında təcrübəli müdafiəçinin əzələsində yorğunluq olduğu üçün bu addımı atdıqlarını söyləyib.

Çalışdırıcının sözlərinə görə, 33 yaşlı oyunçunun durumu ciddi deyil. Sadəcə risk etməmək üçün Maksim yeni transfer Leandro Andrade ilə əvəzlənib: “İlk hissədə əzələsində yorğunluq hiss elədi. Düzdür, Maksim sona qədər oynaya bilərdi. Ancaq həkimlərlə danışdıq ki, risk etməyək. Bu üzdən onu əvəzlədik”.

Qeyd edək ki, “Qarabağ” – “Keşlə” oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab matçı fevralın 11-də keçiriləcək.