Son dünya çempionatının finalçısı Xorvatiya yığması DÇ-2022-nin seçmə mərhələsində tarixi an yaşayıb.
Apasport.az saytının məlumatına görə, Kipr üzərində 1:0 hesablı qələbə qazanılan görüşdə kapitan Luka Modriç 135-ci oyununa çıxıb.
Bununla o, Xorvatiya millisinin oyun sayında yeni rekordçusuna çevrilib. Bəs Modriç bu baxımdan hansı futbolçuları qabaqlayır? Sıralamaya nəzər yetirək.

1. Luka Modriç - 135 oyun
Siyahıda yer alanlar arasında yalnız Modriç milli karyerasını davam etdirir. 2006-cı ildən yığmanın şərəfini qoruyan “Real”ın yarımmüdafiəçisinin aktivində 16 qol var.

2. Dario Srna – 134 oyun
DÇ-2002-dən sonra yeni qurulan Xorvatiya yığmasına çağırılan ilk oyunçulardan olub. Karyerasının böyük hissəsini Donetsk “Şaxtyor”unda keçirən Srna hazırda Ukrayna klubunda futbol direktoru vəzifəsində çalışır.

3. Stip Pletikoşa - 114 oyun
Yığmanın qapısı uzun illər onun nəzarətində olub. 1999-cu ildə Danimarka ilə yoldaşlıq görüşündə çərçivəyə keçəndə cəmi 20 yaşı olub. DÇ-2014-dən sonra isə milli karyerasını başa vurub.

4. İvan Rakitiç - 106 oyun
Rakitiç son olaraq sentyabrda Xorvatiya yığmasına dəvət alıb. İlk “üçlüy”ə düşmək üçün bir az da oynamalı idi. Ancaq 33 yaşlı futbolçu son dünya çempionatının final matçının ardından milli karyerasını yekunlaşdırıb.

5. Yosip Simuniç - 105 oyun
Simuniç 2014-cü ildə başa vurduğu karyerasının yalnız son 3 ilini Xorvatiyada keçirib. Avstriyada doğulsa da, seçimini Xorvatiyanın xeyrinə edib. Milli forma altında keçirdiyi 105 oyunda 3 qol vurub.

6. İvitsa Oliç - 104 oyun
Uzun illər Almaniyada çıxış edən Oliç 2017-ci ildə futboldan gedib. Klub karyerasında 250-yə yaxın qol vurmasına baxmayaraq, millinin heyətində cəmi 20 dəfə fərqlənə bilib.

7. Vedran Çorluka - 103 oyun
2006-cı ildəki dünya çempionatından sonra çempion İtaliya ilə keçirilən yoldaşlıq görüşündə debüt edən Çorluka 103 matçda bu formanı geyinib. Bu müddət ərzində aktivinə 4 qol yazdırıb.

8. Dario Simiç - 100 oyun
Siyahıdakı futbolçular arasında Simiç milli formanı ilk geyinən oyunçudur. O, 1996-cı ildə Cənubi Koreya ilə yoldaşlıq görüşündə debüt edib. AVRO-2008-dən sonra yığmadan gedən Simiç üç dünya çempionatı və üç Avropa çempionatı iştirakçısıdır.