Peyman Babayi: “Hələ ki, Azərbaycan yığması barədə fikirləşməmişəm” - MÜSAHİBƏ
16.12.2019 - 21:29
Peyman Babayi: “Hələ ki, Azərbaycan yığması barədə fikirləşməmişəm” - MÜSAHİBƏ

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Neftçi"nin qonağı olan "Sumqayıt" 1:0 hesabı ilə qələbə qazanıb.

Apasport.az saytının məlumatına görə, “Gənclik şəhəri”nin iranlı hücumçusu Peyman Babayi qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.


- Səfərdə 1:0 hesabı ilə qalib gəldiz. Nəticə gözlənilməz olmadı ki?
- Kubok iki oyundan ibarət olur. Nəticə cavab qarşılaşmasından sonra bilinəcək. İlk matçda məqsədimiz qapımızdan qol buraxmamaq və əlimizə düşən şanslardan yararlanmaq idi. Fikrimcə, çox yaxşı oyun göstərdik. Qol epizodlarımız da oldu. Əsas odur ki, qələbə qazandıq. Səfərdə yaxşı çıxış etdik və inanıram ki, evdəki matçda da bunu bacaracağıq. 

- Son dəqiqələrdə hesabı artırmaq şanslarınız vardı. Qaçırılan epizodların cavab matçında əleyhinizə işləyə biləcəyini fikirləşmirsiz?
- Yaxşı epizodlarımız oldu. İlk görüşdə 2 və ya 3 qol vura bilsəydik... Amma bu futboldur, rəqib də “Neftçi” idi. Azərbaycanda ən yaxşı komandalardan biridir. Çalışıb öz meydanımızda da yaxşı oynayacağıq. 

- “Neftçi” ilə bu mövsüm Premyer Liqada iki dəfə qarşılaşmısız və hər ikisində məğlub olmusuz. Bu dəfə qapınızdan qol buraxmadan qalib gəlmək üçün neylədiz?
- Məşqçilər həmin oyunları yaxşı analiz etmişdilər. Ayxan Abbasov tapşırıqlarını vermişdi. Biz də tapşırığı düzgün yerinə yetirmək üçün meydana çıxmışdıq. Bundan yararlandıq və qalib gəldik.
 
- Çempionat oyunu zamanı “Neftçi” sizə aqressivlik göstərmişdi. Bu dəfə revanş hissi vardımı?
- Biz peşəkar futbolçularıq. 90 dəqiqə ərzində hər şey ola bilər. Amma matç bitdiyi zaman bu meydanda qalır. Mən elə şey hiss etmədim.

- Faizlə götürsək, bu hesab sizi yarımfinala nə qədər yaxınlaşdırdı?
- Bunu demək çətindir. Çalışacağıq ki, Sumqayıtda da yaxşı oynayaq, məşqçilərimizin tapşırığını düzgün yerinə yetirək. Qismət nədirsə, o da olacaq. 

- Mətbuatda tez-tez milli komanda üçün gətirildiyiniz qeyd edilir. Yığmamızda oynamağa hazırsızmı?
- Mənim “Sumqayıt”la müqaviləm var. Komandaya kömək etməyə, hər matçda ən yaxşı oyunumu göstərməyə çalışıram. Hələ ki, yığma ilə barədə fikirləşməmişəm. Baxaq görək, gələcəkdə nə olacaq.

0
Peyman Babayi Sumqayıt Azərbaycan millisi