“Hazırkı hava durumunu və yollardakı vəziyyəti nəzərə alaraq, I diviziondakı 3 oyunu təxirə salmışıq”.
Bunu apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) Texniki İdman şöbəsinin müdiri Elgiz Abbasov deyib.
Qurum rəsmisi sabah keçirilməsi nəzərdə tutulan Premyer Liqanın XVII turun matçlarının baş tutması üçün çalışdıqlarını söyləyib: “Sabahla bağlı indidən danışmaq çox tezdir. Çünki səhərdən klublarla danışırıq, əlaqədəyik. Düzdür, Bakının hər yerində qar var. Amma PFL də, bütün klublar da çalışır ki, stadionları sabah üçün hazır vəziyyətə gətirək. Bizim əsas prioretitimiz oyunların keçirilməsidir. Hər hansı dəyişiklik etmək fikrimiz yoxdur. Ümid edirik ki, sabaha vəziyyət normallaşacaq və oyunları keçirmək mümkün olacaq. Amma yenə də yekun qərar stadionda, yerində verilə bilər”.
Abbasov əlavə edib ki, son vəziyyətə sabah baxılacaq: “Peşəkar Futbol Liqası və stadionların hazırlanmasına cavabdeh olan qurumlar olaraq, oyunların keçirilməsi üçün əlimizdən gələni hər şeyi edəcəyik. Sadəcə, hava durumu tez-tez dəyişir. Bəzən elə hadisə baş verir ki, insan buna müdaxilə edə bilmir. Yenə də qərar yerində veriləcək”.