Premyer Liqada məcburi “istirahət” – 9 futbolçuya
15.02.2021 - 11:58
Premyer Liqada məcburi “istirahət” – 9 futbolçuya

Azərbaycan Premyer Liqasının XVI turunun cəza səbəbindən 9 futbolçu buraxacaq.

Apasport.az saytının məlumatına görə, bu oyunçular XV turun matçlarından sonra cəzalı duruma düşən futbolçulardır.

Onlardan altısı qırmızı vərəqə aldığından, üçü sarı vərəqə sayını 4-ə çatdırdığı üçün cəzalanıb. Ən böyük itki ilə “Neftçi” üzləşib. “Qarabağ”la matçda qırmızı vərəqə alan Mamadu Kane, Ömər Buludov və Voislav Stankoviç “Qəbələ”yə qarşı oynamayacaq. Anton Krivotsyuk isə 4-cü xəbərdarlıq səbəbindən turu buraxacaq

“Səbail”də üç cəzalı oyunçu var. Kamran Ağayevlə Peyman Keşavarz qırmızı “Sumqayıt”la matçda qırmızı vərəqə alıbsa, Rauf Əliyev 4-cü dəfə xəbərdarlıq görüb. Onlar “Sabah”la ev qarşılaşmasından kənar qalacaq.

Həmin görüşdə Filip İvanoviç də şans qazanmayacaq. “Sabah”ın legioneri 4-cü sarı vərəqəsini “Zirə” ilə qarşılaşmada alıb.

“Sumqayıt”ın qonağı olacaq “Qarabağ”da da itki var. “Neftçi” ilə matçda qırmızı vərəqə alan Kevin Medina da ən azı bir oyunluq cəzalanacaq.