Ramil Şeydayev divizionda da oynaya bilmədi – meydandan qovuldu
06.03.2021 - 16:37
Ramil Şeydayev divizionda da oynaya bilmədi – meydandan qovuldu

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev “Sabah”ın əsas komandasından sonra əvəzedici heyətinə də ziyan vurub.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı forvard birinci divizionun XVI turunda “Qaradağ Lökbatan”la görüşün 63-cü dəqiqəsində qırmızı vərəqə alıb.

Rəqib futbolçunun müdaxiləsindən sonra kiçik xəsarət alan Ramil ayağa qalxdıqdan sonra işlədiyi ifadələrə görə, baş hakim Fərid Hacıyev tərəfindən birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Şeydayevin nə dediyi eşidilməsə də, güman ki, təhqiramiz sözlərdən istifadə edib.

Qeyd edək ki, hazırda ikinci hissəsi gedən görüşdə “Sabah-2” Kamran Quliyevin 17-ci dəqiqədə vurduğu yeganə qolla 1:0 hesabı ilə öndədir.