Ramin Musayev: “Qanun pozuntusuna yol verib, onlara kömək edərəm” - MÜSAHİBƏ
17.05.2021 - 19:45
Ramin Musayev: “Qanun pozuntusuna yol verib, onlara kömək edərəm” - MÜSAHİBƏ

Futbol üzrə birinci divizionun mükafatlandırma mərasimindən sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev brifinq keçirib.

Apasport.az saytının məlumatına görə, jurnalistlərin suallarını cavablandıran qurum rəhbəri Premyer Liqanın son turu çərçivəsində mayın 19-da keçiriləcək “Neftçi” – “Qarabağ” görüşü barədə də fikirlərini bölüşüb.

- Birinci divizion başa çatdı, qaldı Premyer Liqa. Sonluq daha gərgin alınacaq. Ümumi mövsümü necə dəyərləndirərdiniz?
- Gərgin nəsə görmürəm. Amma çempionat maraqlı keçir və belə də bitir. Həm qızıl, həm də bürünc medal uğrunda mübarizə gedir. Bu da çempionatın ədalətli keçməsindən xəbər verir. Güclü qalib gəlsin. Əsas odur ki, avrokuboklarda iştirak edəcək komandalar əvvəlki kimi özlərini doğrultsun, azarkeşləri sevindirsin.

- “Qarabağ”ın ardıcıl çempionluq seriyasına “Neftçi”nin son qoyması nəyisə dəyişəcəkmi?
- Belə çıxır ki, proqnoz verməliyəm (gülür). Amma meydança düz, top yumrudur. Kim güclüdür, o da qalib gəlsin. Bütün azarkeşlərdən üzr istəyirik ki, matçı tribunadan canlı izləmələrinə şərait yarada bilmirik. Yenə də televiziya vasitəsilə baxmaq mümkün olacaq. İnsanların sağlamlığını da düşünməliyik, bu yola əl atmağa məcbur olduq. Koronavirus bütün dünyanın bəlasıdır, buna qalib gəlmək üçün düzgün addımlar atmalıyıq. Azarkeşlər bu mövsümü üzürlü saysınlar. İnşallah, hər şey yaxşı olar, növbəti mövsümdən hamımız görüşləri stadiondan birlikdə izləyərik.

- İcazə ala bilmədiniz, yoxsa siz həlledici matçın boş tribunalar önündə keçirilməsini düzgün sayırsınız?
- Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından hamı xəbərdardır. İyunun 1-nə qədər karantin şəraiti davam edir. Bu səbəbdən belə addım atmalı olduq. Bu quruma minnətdarlığımızı bildiririk ki, çempionatı sona qədər keçirməyimizə icazə verdilər. Maraqlı da mövsüm alındı.

- Növbəti mövsümdən Premyer Liqada 10 klubun iştirakı gözlənilirdi, lakin qərara əsasən, yenə 8 komandalı çempionat keçiriləcək. Gələn mövsümün əvvəlinə yaxın bu qərarda dəyişiklik ola bilərmi?
- Həyatda hər şey ola bilər. Əgər birinci divizion komandaları lisenziyanın tələblərinə cavab verə bilsəydilər, nəsə eləmək olardı. Bir dəfə mənə sual verdilər ki, “Xəzər Lənkəran” bərpa olunsa, hansı çempionatdan başlayacaq? Bildirdim ki, qanunla birinci diviziondan başlamalıdır. Ancaq o öhdəliyi öz üzərimə götürüb, qanun pozuntusuna yol verərəm, cəzalanaram, amma “Xəzər Lənkəran”ın Premyer Liqadan başlamasına kömək edərəm. Yəqin ki, fikrimi dolayı yolla da olsa çatdıra bildim. Klublarımıza normal sponsor tapılsa, yəqin ki, nəsə etmək olar.

- Sanki bir mesaj verdiniz. “Xəzər Lənkəran” qayıtsa, sözünüz qüvvədə olacaq?
- Həmişə sözümüz qüvvədədir.

0