Samir Abasov: "Bu gün də problemlərimiz var"
01.02.2022 - 21:42
Samir Abasov: "Bu gün də problemlərimiz var"

“Bugünkü durumumuzu bilirdik. Qış fasiləsindən sonra ilk oyun idi. Yeni ilə kubokla başlamağın çətin olması gözlənilən idi".

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 1/4 final mərhələsində “Sabah”la keçirilən oyun barədə danışarkən deyib.

Bu gün 44 yaşı tamam olan mütəxəssis “Bakcell Arena”da baş tutan və 1:1 hesabı ilə başa çatan matçdan sonra “CBC Sport” kanalına açıqlamasında komandasının çıxışını dəyərləndirib: “Yaxşı, maraqlı oyun keçdi. Nəticəyə gəlmək istəmirəm. Birinci hissədə daha çox qol vuraq bilərdik. Həddən artıq çox işləməliyik. Yeni oyunçular var. Bunun altından çıxmaq üçün yavaş-yavaş oyunumuzu otuzdurmalıyıq. Bu gün də problemlərimiz var. Bəzi futbolçularımız komandaya gec qoşuldular. Bu səbəbdən fiziki durumdan yaxşı deyillər. Amma oynamalı idik, kubok matçı idi. Artıq çempionatda "Qarabağ"la görüşə hazırlaşacağıq".

Baş məşqçi yeni transferlərin komandadan gedənləri hələ də əvəz edə bilmədiklərini etiraf edib: "Eddi İsrafilov Mamadu Kane deyil, Vüsal Əsgərov Sabir Buqrin deyil. Bununla razılaşıram. Amma əlimizdə olan oyunçulardan keyfiyyətinə uyğun ən yaxşı şəkildə yararlanmağa çalışırıq. Ehtiyat oyunçular skamyasını gücləndirmək çox da mümkün deyil. Problemlərimizi çox yaxşı bilirik. Əlimizdəki futbolçularla davam edəcəyik. Əsas odur ki, düşərgədə ab-hava yaxşıdır. Koronavirus elə bəladır ki, hər kəs kimi, biz də ondan əziyyət çəkirik. Əsas heyət üzvlərinin komandadan getməsi, komandada olanların isə hazır olmaması bizə çətinliklər yaradır".

Çalışdırıcı Premyer Liqanın XV turunda "Qarabağ"la keçiriləcək görüşlə bağlı da danışıb: "Bir həftə ərzində necə hazırlaşacağımızla bağlı çox baş sındırmağa ehtiyac yoxdur. Bunun öz planı var. Hansı oyunçunun həmin vaxt neçə dəqiqə hazır olacağını indidən demək mümkün deyil. Yeni transferlərin də komandaya uyğunlaşmalarını gözləyəcəyik. Bədbinliyə qapılmıram. Çıxış yolumuz durumu yaxşılaşdırmaqdır. Bu gün 1:0 hesabı ilə qalib gəlsəydik belə, yenə problemlərimiz eyni olacaqdı".

Samir Abasov qış fasiləsində heyətdə edilən dəyişikliklərdən də danışıb: "Harramiz Soareş uğursuz transferlərdən biri oldu. Onunla danışdıq, anlayışla qarşıladı. Amma Romen Baskı gərək buraxmayaydıq. Onun probleminə isti yanaşdıq, amma özümüz o problemlə üzləşdik. Ailəsi ilə bağlı problemi var idi, onlar gəlmək istəmirdilər. Onu saxlamalı idik. Baskın yeri görünürdü. Mənimlə eyni durumda olsaydınız, bəlkə siz də anlayışla qarşılayardınız. Ancaq Mamadu Kane, Sabir Buqrin kimi oyunçuların gedişi gözlənilən idi. Yeni komanda qururuq. Uyğunlaşmaq üçün vaxt lazımdır. Yeni transferlərimiz komandaya xeyir verəcək. Rusiya Premyer Liqasından bura oyunçu gətirmək bu gün çətindir". 

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü fevralın 12-də keçiriləcək.