Slavik Alxasov: “Qarabağ”la dueldə heç nə bitməyib” - MÜSAHİBƏ
19.12.2019 - 16:52
Slavik Alxasov: “Qarabağ”la dueldə heç nə bitməyib” - MÜSAHİBƏ

“Keşlə”nin futbolçusu Slavik Alxasovun apapsort.az saytına müsahibəsi

- Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk görüşündə “Qarabağ”a 0:1 hesabı ilə məğlub olduz. Sizcə, Azərbaycan çempionu sizi nədə üstələdi? 
- Matçın çətin olacağını bilirdik. Bir neçə futbolçumuz müxtəlif səbəblərə görə bu oyunda iştirak etmirdi. Kimisi zədəli idi, kimisi cəzalı idi. Amma biz birinci görüşdə rahat təslim olmadıq. “Qarabağ” kimi komandaya qarşı mübarizə apardıq.

- Amma bu matçdan öncə “Qarabağ”la Premyer Liqada 2:2 hesablı heç-heçə etmişdiz... 
- Düzdür, biz çempionat oyunlarına daha çox köklənmişik. Ancaq kubokda da irəliləmək istəyirik. Güclü, yüksək səviyyəli futbolçuları olan komandaya qarşı oynamaq çətindir. Amma biz onlardan çəkinmirik. İkinci oyunda da “Qarabağ”a qarşı başabaş mübarizə aparacağıq. 

- İlk görüşdəki məğlubiyyətdən sonra “Keşlə”nin yarımfinal şansları nə qədər azalıb?
- İlk görüşdən sonra üstünlük “Qarabağ”dadır. Amma hələ bu dueldə heç nə bitməyib. Dekabrın 20-də bir də oynayacağıq. 

- “Qarabağ” çempionatda digər komandaların mövsümboyu oynayacağı matç qədər artıq meydana çıxıb. Onların yorğun, həmçinin psixoloji cəhətdən enişdə olduğunu və bundan istifadə etməyin vaxtının yetişdiyini düşünmürsüz? 
- Bəli, “Qarabağ” yarım mövsümə çempionatda oynayan komandalardan ikiqat çox matç keçirib. Bu qədər qarşılaşmadan sonra istər-istəməz komandada psixoloji vəziyyət də yaxşı olmur.

- Cavab oyununuzu süni örtüklü meydanda keçirəcəksiniz. Bu sizin üçün nə dərəcədə üstünlükdür?
- Belə meydança hər iki komanda üçün ağırdır. Amma əsas üstünlük bizdə olacaq. Çünki biz süni örtüklü meydançaya çox öyrəşmişik, nəyinki “Qarabağ”. Rəqibin güclü olduğunu bilirik. Bütün fikirləri də bu kubok oyunundadır. “Qarabağ” bizi qabaqlayır, amma biz bu matçlara yaxşı əhval-ruhiyyə ilə hazırlaşmışıq. Komanda olaraq növbəti mərhələyə keçmək üçün vuruşacağıq.

- Komanda yoldaşın Rəşad Sadiqov bildirib ki, püşkatma düzgün olmayıb, hazırda liqada ilk dördlükdə yer alan komandalar eyni səbətdədir…
- Düzdür, bizim yolda olan komandaların hamısı “dördlük”dıdir. “Qarabağ”ı keçsək “Neftçi”, ya da “Sumqayıt”la oynayacağıq. Yəni bizim “setka” çox çətindir. Ötən mövsümdə də biz “Qarabağ”la düşmüşdük və bu il də eyni komandalardır.

- “Keşlə”nin heyətində pis oynamasaz da, millimizin baş məşqçisi Nikola Yurçeviç sizi yığmaya dəvət etmirdi. Artıq onunla yollar ayrılıb. Sizcə, milliyə yeni gələcək məşqçinin diqqətini cəlb edə biləcəksizmi?
- Milli komandaya dəvət edilsəydim, sevinərdim. Amma nə etmək olar? Nikola Yurçeviçin qərarına hörmətlə yanaşıram. Nəyinki Yurçeviç, başqa məşqçi də bu cür qərar versəydi, onun qərarına etiraz edə bilmərəm. Qarşıdakı toplanışlara dəvət almaq üçün əlimdən gələni edəcəm. Dəvət olunmuramsa, demək ki, bir az da artırmalıyam.
 

0
Slavik Alxasov Keşlə Qarabağ