DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldonun Serbiya ilə görüşdə sayılmayan qolu ilə bağlı müxtəlif yazılar dərc edilir.
Apasport.az saytının məlumatına görə, Britaniya mətbuatı indiyə qədər topun qapı xəttini keçib-keçməməsi ilə bağlı ən diqqətçəkən mübahisəli epizodları sıralayıb.
10 belə epizod seçən həmkarlarımız birinci sırada DÇ-1966-nin final görüşündəki qolu göstəriblər. İngiltərə ilə Qərbi Almaniya arasında baş tutan qarşılaşmada birincilərin oyunçusu Ceff Hörstün zərbəsindən sonra top əvvəlcə tirə, ardından yerə dəyərək meydana qayıdıb. Həmin matçda yan xətt hakimi olan Azərbaycanın əfsanəvi referisi Tofiq Bəhramovun təkidi ilə baş hakim qolu qeydə alıb və sonda ingilislər 4:2 hesablı qələbə ilə dünya çempionu olublar.
Hakim səhvlərindən biri də AVRO-2012-nin qrup mərhələsinin son turundakı İngiltərə - Ukrayna görüşündə yaşanıb. Vaxtilə ölkəmizdə “Sabah”ın formasını geyinmiş Marko Deviçin vurduğu topu ingilislərin müdafiəçisi Con Terri qapı xəttini keçdikdən sonra qaytarsa da, hakim “davam” qərarı verib. Matç ingilislərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb, ukraynalılar məhz bu səhvə görə qrupda qalıblar.
Azərbaycanda da kobud hakim səhvi ilə yadda qalan bu tip epizodlar kifayət qədərdir. Onların ən məşhuru çempionatda böyük səs-küy doğuran “Şəmkir” – “ANS Pivani” oyunu olub. Həmin matçda top qapı xəttindən 1 metr kənarda olsa da, baş hakim Nemət Mahmudov qol saymışdı. Həmçinin “Turan”la Tovuzdakı qarşılaşmada da “Neftçi”nin qapısından keçməyən top hesaba alınmışdı.