Futbolçuların transfer dəyəri ildən-ilə astronomik həddə çatdığından, əksər klublar icarə variantına üstünlük verirlər.
Apasport.az saytının məlumatına görə, güclü akademiyaya malik bir çox klub da heyətə düşə bilməyən oyunçularını icarəyə verərək qazanc əldə edir.
Bu amil artıq Azərbaycana sirayət edib. Qış transfer dönəmində klublarımız ümumilikdə 5 oyunçu icarə əsasında heyətə cəlb ediblərsə, onlardan 3-ü ölkə xaricindən gəlib. Bir futbolçu isə Azərbaycanı icarəyə yollanmaq üçün tərk edib. Bu, “Sabah”ın Niderland təmsilçisi “Telstar”a göndərdiyi Ozan Can Kökçüdür.
Avropada cari mövsüm ən çox futbolçu icarəyə verən klubların siyahısı da məlumdur. Cədvələ İtaliya A seriyasında çıxış edən “Atalanta” başçılıq edir. Berqamo təmsilçisi düz 47 oyunçusuna icarə əsasında başqa klubda özünü sınamaq imkanı yaradıb. Ümumiyyətlə, bu məsələdə italyanlar kifayət qədər fəaldırlar. Təsadüfi deyil ki, cədvəldə ilk “5-lik”dəki komandalar A seriyasında çıxış edənlərdir.
Bu mövsüm ən çox futbolçu icarəyə verən klublar:
1. “Atalanta” – 47 futbolçu
2-3. “Fiorentina” – 32
2-3 “Sassuolo” – 32
4-5. “İnter” – 31
4-5. “Cenoa” – 31
6. “Trabzonspor” – 26
7. “Lokomotiva” (Xorvatiya) – 25
8-9. “Napoli” – 24
8-9. “Makkabi” (Hayfa) – 24
10. “Sampdoriya” – 23