Yığmamızla oyuna buraxa bilər – Fransadakı serblər
18.03.2021 - 11:07
Yığmamızla oyuna buraxa bilər – Fransadakı serblər

Serbiya millisinin 3 futbolçusu DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla oyunun iştirak ərizəsindən çıxarıla bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərdir.

Məsələ burasındadır ki, Avropa Birliyinə adi olmayan ölkələrdən Fransaya yollanan şəxslər orada 10 günlük karantinə alınır. Bu isə o deməkdir ki, Serbiya yığmasına çağırılan “Reyms”in qapıçısı Predraq Raykoviç, “Strasbur”un müdafiəçisi Stefan Mitroviç və “Monpelye”nin yarımmüdafiəçisi Mixaylo Rıstiç Azərbaycan millisi ilə matç üçün Bakıya gələrsə, qayıtdıqdan sonra Fransada karantinə alınacaq və yalnız aprelin 10-da klublarının düşərgəsinə qatıla biləcəklər. 

Belə olan halda, adıçəkilən oyunçular klubun iki görüşünü buraxmalı olacaqlar. Onların bu problemi yaşamaması üçün Serbiya yığmasının ilk iki matçında iştirakdan sonra Bakıya gələn heyətdən çıxarılması nəzərdə tutulur.

Qeyd edək ki, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 24-də İrlandiya, 27-də isə Portuqaliyanı qəbul edəcək Serbiya yığması ayın 30-da Bakıda Azərbaycan millisinin qonağı olacaq.