Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək.
Apasport.az saytının məlumatına görə, hazırda turnirdə mübarizəni davam etdirən futbolçular arasında ən dəyərli 5 nəfər müəyyənləşib.
Aparılan araşdırma nəticəsində məlum olub ki, həmin 5 futbolçu iki klubun şərəfini qoruyur. Bunlar İngiltərə təmsilçiləri “Mançester Yunayted” və “Tottenhem” üzvləridir. Maraqlıdır ki, “Milan”ın ən dəyərlisi olan Canluici Donnarumma 60 milyon avroya bərabər göstərilsə də, gənc qolkiper bununla ilk “beşlik”dən kənarda qalıb.

1. Harri Keyn – 120 milyon avro
İngiltərə millisinin üzvü Avropa Liqası tarixinin ən dəyərli futbolçusudur. “Tottenhem”in 27 yaşlı forvardı qiyməti 100 milyon avronu keçən yeganə oyunçudur.

2. Bruno Fernandes – 90 milyon
Portuqaliya millisinin üzvü ötən mövsümün qış fasiləsində “Sportinq”dən “Mançester Yunayted”ə keçib. “Qırmızı şeytanlar”ın heyətində parlaq oyun nümayiş etdirən yarımmüdafiəçinin hazırkı transferi qiyməti əvvəlkindən yüksəkdir.

3. Xın-Min Son – 90 milyon
Keynlə meydanda bir-birini mükəmməl başa düşən cənubi koreyalı da gündən-günə rəqibləri üçün qarşısıalınmaz olur. Son hazırda ən dəyərli asiyalı oyunçudur.

4. Markus Reşford – 80 milyon
“Mançester Yunayted”in yetirməsi olan forvard karyerası ərzində başqa klubda oynamayıb. Cəmi 23 yaşı olan Reşford İngiltərə millisinin heyətində artıq 40 oyun keçirib.

5. Pol Poqba – 65 milyon
“Yuventus”da olarkən öz mövqeyinin ən yaxşılarından sayılan Poqba DÇ-2018-in qalibi olan Fransa millisinin də aparıcı simalarından idi. Tez-tez zədələnməsi, üstəlik, rəhbərlik və baş məşqçi ilə problem yaşaması performansına və dəyərinə də mənfi təsir göstərdi.