Yoxlama görüşləri ləğv olunur – Premyer Liqa klublarının
04.06.2020 - 14:40
Yoxlama görüşləri ləğv olunur – Premyer Liqa klublarının

Premyer Liqa klublarının iyunun 21-də bərpa olunması planlaşdırılan çempionat matçlarına hazırlıq çərçivəsində keçirməyi nəzərdə tutduğu yoxlama görüşləri ləğv oluna bilər.

Apasport.az saytının məlumatına görə, iki ay yarımlıq fasilədən sonra iyunun 1-də məşqləri bərpa edən klublar ayın 8-dən etibarən öz aralarında yoxlama matçları keçirməyi qərara alıblar.

Lakin Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından sonra bu oyunların baş tutmaq ehtimalı azalıb. Məsələ burasındadır ki, iyunun 6-sı saat 00:00-dan 8 iyun saat 06:00-dək xüsusi karantin rejiminin tam izolyasiya şəklində ən sərt forması tətbiq ediləcək. Həftəsonu qadağalarının iyunun 13-15-də də tətbiq olunması nəzərdə tutulur.

Bu isə o deməkdir ki, iyunun 14-də keçirilməsi planlaşdırılan “Qarabağ” – “Səbail”, “Neftçi” – “Qəbələ”, “Sumqayıt” – “Keşlə” və “Sabah” – “Zirə” oyunları baş tutmayacaq. Onların təxirə salınacağı və ya ləğv olunacağı Premyer Liqanın bərpası ilə bağlı qərardan asılı olacaq.

Eyni zamanda iyunun 8-10-u aralığında keçirilməli olan yoxlama görüşlərinin taleyi də sual altındadır.

Qeyd edək ki, iyunun 8-də “Sumqayıt” – “Qəbələ”, 9-da “Sabah” - “Qarabağ”, “Neftçi” – “Keşlə”, 10-da isə “Zirə” – “Səbail” görüşləri oynanılmalıdır.

0
Premyer Liqa koronavirus yoxlama görüşləri