“Növbəti dəfə rəqibə hədiyyə verdik, onların hesabda önə çıxmasına şərait yaratdıq".
Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının XX turunda “Keşlə” ilə heç-heçə (1:1) etdikləri oyun barədə danışarkən deyib.
Qarşılaşmadan sonra “CBC Sport” telekanalına açıqlama verən belaruslu mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Buraxdığımız qoldan sonra vəziyyəti düzəltməyə çalışdıq. Təəssüf ki, yalnız 1 qola gücümüz çatdı, artığına gücümüz çatmadı. Ümumi götürsək, buna bir çox səbəb axtarmaq olar. Əsas problem rəqibin ilk qolu vurmasına şərait yaratmaq idi. Buna imkan verməməli idik".
Çalışdırıcı komandada əsas problemin psixoloji durumla bağlı olduğunu deyib: "Həm turnir cədvəlindəki mövqeyimiz, həm də uzun müddətdir qələbə qazanmamağımız psixoloji problem yaradır. Belə məqamda taktiki plan o qədər də önəm daşımır".