Samir Abasov: "Çox istərdim ki, mövsüm yenidən başlasın"
18.03.2022 - 21:49
Samir Abasov: "Çox istərdim ki, mövsüm yenidən başlasın"

“Futbolçularımı təbrik edirəm. Bu önəmli gündə qələbə qazanmaq istəyirdik".

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XX turunda “Qəbələ” üzərində 4:0 hesablı qələbə qazandıqları oyundan sonra deyib.

Qarşılaşmanın ardından mətbuat konfransında fikirlərini bölüşən Abasov komandasının çıxışını dəyərləndirib: “Bütün azarkeşlərimizi təbrik edirəm. Yubiley günündə bu cür hesabla qələbə qazanmaq çox gözəl idi. Müəyyən təşvişi çıxmaqla futbolçular hər şeyi düzgün etdi. Hesaba baxmayaraq, rəqib də yaxşı oyun nümayiş etdirdi, bizə çətinliklər törətdi. Seriyamızı davam etdirmək istəyirik. Millinin oyunları ilə əlaqədar yaranacaq fasilədə uşaqlar da dincələr, zədəlilərimiz sağalar".

Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə budəfəki fasilədə milli komandalara çox oyunçu gedəcək: "Bu amil məşqlərimizə təsir edəcək. Onların oradan necə qayıdacağı da önəmlidir. Əsas odur ki, yüksək motivasiyanı qorumaq lazımdır".

Baş məşqçi komandasının getdikcə daha yaxşı çıxış etdiyini bildirib: "Çempionatın əvvəlində çəkdiyimiz əziyyətləri bir mən bilirəm, bir də klub. Hələ yavaş-yavaş ayağa qalxmağa çalışırıq. Rotasiyalar etdiyim üçün məni qınayırlar. Amma limitə düşən uşaqlar oturuşmuş komandanın üzvü deyillər. Məsələn, yalnız Mert Çelik oynayanda rahat olursan. Çünki o, ötənildən çıxış edir. Digərləri də oynadıqca komandanın üzvünə çevriləcəklər. Çox istərdim ki, mövsüm yenidən başlasın. Sabir Buqrin, Mamadu Kane kimi oyunçuların getməyi bizə mənfi təsir göstərdi. Amma yavaş-yavaş bundan da yaxşı olacağıq. 15-20 dəqiqəlik diktə bir şey deyil. Bütün oyuna nəzarət etmək vacibdir. Bundan narahatam, amma səbəblərini də bilirəm. Bundan da yaxşı olacağına inanıram".

O, yayda komandaya qoşulanların, xüsusən də, bugünkü matçda dubl edən Eddi İsrafilovun hələ tam formada olmadığını söyləyib: "Necə oldu ki, "ölən" Emin Azərbaycanın ən yaxşısı oldu? Necə oldu ki, Kane sıradan oyunçu idi, "Olimpiakos" kimi komandaya keçdi? Bu necələrin bir cavabı var. Biz həm Eddi, həm də digər oyunçularımızın yaxşı səviyyəyə çatmasına çalışırıq. Yusuf Laval nə qədər artırıb. Konkret bir oyunçunun üzərində dayanmaq istəmirəm. Eddi hələ mənim istədiyimin 30 faizidir. Yaxşı cəhəti odur ki, öyrənməyə can atır, həddən artıq çox danışır, çox soruşur. Bəlkə də, bunun nəticəsidir ki, get-gedə artırır".

Abasov Plotsk "Visla"sında çıxış edən sabiq futbolçuları Anton Krivotsyuku qaytarmaları ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: "Ortada belə bir şey yoxdur. Anton öz işindədir, karyerasını düşünür. O, bu gün "Neftçi"ni düşünürmü, bilmirəm. Bu haqda məlumatım yoxdur".

44 yaşlı çalışdırıcı sabah keçiriləcək "Zirə" - "Qarabağ" matçı barədə də fikir bildirib: "Sabahkı oyunda hər bir nəticə bizim xeyrimizə olacaq. Bu gün "Qarabağ"a çatmaq çətin məsələdir. Çünki qarşımızda duran "Qarabağ" bu il həddən artıq möhtəşəmdir. Sabah "Qarabağ" məğlub olsa, müəyyən mənada intriqa ola bilər. Amma biz öz oyunlarımızda qalib gəlməliyik".

Samir Abasov lider "Qarabağ"a çatmaq şansları ilə bağlı sualı isə belə cavablandırıb: "Təkcə "Qarabağ"ın bizdən güclü olmasından söhbət getmir. Qlobal baxsaq, hər matçda rahat qələbə qazanırıqmı? Xeyr. Bunun da səbəblərini bildiyim üçün narahat deyiləm. "Səbail"ə qolları 70-ci dəqiqədən sonra, "Sumqayıt" üzərində qələbə topunu isə 84-cü dəqiqədə vurduq. Yəni "Qarabağ" kimi, digər komandaları rahat uda bilmirik. Bu bir reallıqdır. Bir az əziyyət çəkirik. İnşallah, bunun da öhdəsindən gələcəyik".