“Araz”ın rəqibi Kral Kubokunun finalına çıxdı
11.04.2014 - 13:20
“Araz”ın rəqibi Kral Kubokunun finalına çıxdı

Futzal üzrə ölkə çempionu “Araz”ın “Dördlər finalı”nın yarımfinal mərhələsində rəqibi olan “Barselona” Bakıya gəlməzdən öncə cari mövsüm ilk titulunu qazanmağa 1 addım da yaxınlaşıb. Apasport.az saytının məlumatına görə, ötən ay İspaniya kubokunun yarımfinalında mübarizəni dayandıran Kataloniya təmsilçisi Kral Kubokunun finalına çıxıb.

 

Qapıçısı Kristianın meydandan qovulmasına baxmayaraq, “Barselona” Saraqosanın “Umakon” klubunu 6:2 hesabı ilə məğlub edib. Katalonlardan qolları Torras (2), Adrian Orteqa Lopes (2), Rocer və Vilde vurub. Bununla, “Barselona” mayın 3-də Bilbao şəhərində keçiriləcək finalda Mursiyanın “El-Poso” klubu ilə qarşılaşmağa vəsiqə qazanıb.

 

Qeyd edək ki, aprelin 24-də “Araz”la qarşılaşacaq “Barselona” 2011-ci ildən keçirilən Kral Kuboku turnirinin yeganə qalibidir. “Blauqrana” son 2 finalda məhz “El-Poso”nu eyni hesabla (6:3) məğlub edib.