“Azərbaycan çempionatının oyunlarına baxıram”. Bunu apasport.az saytına açıqlamasında rumıniyalı menecer Ana Mariya Prodan deyib.
Hazırda Topaz Premyer Liqasında oynayan 2 futbolçu ilə daha çox maraqlandığını deyən Prodan onların adlarını da çəkib: “Qəbələ”nin hücumçusu Daniyel Subotiçlə “Simurq”da forma geyinən Raul Kostinin meneceri mənəm. Çıxışlarını izləyirəm. Belə imkanım olmadıqda isə, müştərilərimin oynadığı matçın videolarını mənə göndərirlər. Adrian Skarlatake (“Xəzər Lənkəran”) ilə də yaxşı münasibətlərim var. Onun atası çox yaxşı kişidir”.
Prodan Skarlatakeni Azərbaycana gətirən, vaxtilə əməkdaşlıq etdiyi həmyerlisi – Mirça Rednik barədə də maraqlı açıqlama verib: “Redniklə ailəvi dostuq. Onun Belçikanın “Gent” klubundan istefaya göndərilməsi barədə xəbərlər yayılıb. Düzdü, Mirça bunu təsdiqləmir. Amma mən sizə dəqiq deyirəm: Rednik bu gün həmin komandanı tərk edəcək (müsahibə dünən götürülüb – red)”.
Millimizin sabiq futbolçusu olan Elhad Nəziri bir müddət Rumıniyada çıxış etdi. Prodanın fikrincə, “Petrolul” Nəzirinin transfer etməklə yanlışlığa yol vermişdi: “Şəxsən mən o futbolçunu görməmişəm, heç indi görsəm də tanımaram. Onu deyə bilərəm ki, lazım olsaydı “Petrolul”da qalardı”.
Azərbaycanlı menecerlərlə əlaqəsinə gəlincə, Ana Mariya həmyerlilərimizə “sataşıb”: “Mən Azərbaycanda normal menecer tanımıram. Bəyəm, sizin məşhur meneceriniz var?”
Ölkəmizin ən fəal menecerlərindən olan Vaqif Heydərlidən isə Prodanın son sözlərinə münasibət öyrəndik. Onun sözlərinə görə, belə fikir bildirən Prodanın özü normal deyil: “Bir futbol menecerinin həmkarı haqqında belə söz işlətməsi, üstəlik, bunu mətbuatda səsləndirməsi etikadan kənardır. Nə oldu, Mirça Rednikin vaxtında “Xəzər Lənkəran”a futbolçu gətirəndə yerli menecerlərin vasitəçiliyindən yararlananda yaxşı olurduq, indi isə pis? Onda çoxlu pul qazananda heç belə demirdi. İndi görür ki, futbolçularını Azərbaycan klublarına keçirə bilmir, başlayıb belə danışmağa. Mən bu sözü deyənin özünün normal olduğuna inanmıram. Bizdə kifayət qədər normal menecerlər var. Onlar normal insanlardır və işlərini də layiqincə yerinə yetirirlər”.