“Çelsi” UEFA qarşısında geri çəkildi: Kurtua oynayacaq
11.04.2014 - 19:41
“Çelsi” UEFA qarşısında geri çəkildi: Kurtua oynayacaq

 

“Çelsi” futbol klubunun icraçı direktoru Ron Qurley “Atletiko Madrid”in qapıçısı Tibo Kurtuanın Çempionlar Liqasının yarımfinalında London klubuna qarşı oynaya biləcəyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Qurley buna heç bir zaman şübhə olmadığını bildirib: “Hər şeyə sadədir: Kurtua “Çelsi”yə qarşı oynaya bilər”.

 

Qeyd edək ki, Tibo Kurtuanın hüquqları “Çelsi”yə məxsusdur. O, artıq 3 ildir icarə əsasında “Atletko”nun şərəfini qoruyur.

 

Bundan əvvəl, bəzi mətbuat orqanları bildirmişdilər ki, icarə müqaviləsinə əsasən, “Atletiko” “Çelsi” ilə qarşılaşacağı təqdirdə Kurtua londonlulara qarşı oynaya bilməz. İspaniya komandası Kurtuanı “Çelsi”yə qarşı oynatmaq istəsə, 6 milyon avro ödəməlidir. “Atletiko”nun prezidenti isə bildirmişdi ki, onların bu məbləği ödəmək fikirləri yoxdur: “Kurtua bizə kömək edə bilməyəcək”.

 

Amma Çempionlar Liqasının püşkatmasından cəmi bir neçə saat öncə UEFA-nın rəsmi saytında bununla bağlı bəyanat yerləşdirilib. Bəyanatda qeyd edilir ki, bir klub oyuna hansı futbolçuları seçməklə bağlı digər komandaya şərt irəli sürə bilməz. Sənəddə o da qeyd olunur ki, icarə müqaviləsində yazılan şərtlər Avropa kubokları üçün əhəmiyyət daşımır.