“Çelsi”nin futbolçusu orduya çağırılır
20.07.2014 - 10:36
“Çelsi”nin futbolçusu orduya çağırılır

 

“Çelsi” futbol klubunun futbolçusu Məhəmməd Salehin adı Misir ordusunun çağırışçılarının siyahısına salınıb. Apasport.az saytının məlumatına görə, bu səbəbdən də Salehi tezliklə orduya çağıra bilərlər.

 

Futbolçu Misirdə oynayarkən, orduya çağırılmamaq üçün ölkədəki institutlardan birinə daxil olub. O, 2012-ci ildə İsveçrənin “Bazel” klubuna keçib və məşğələləri buraxmağa başlayıb. Bu ilin iyununda Saleh institutdan qovulub və qanuna görə, orduya çağırılmalıdır.

 

Misir millisindəki oyunların sayına görə (184 oyun) rekordçu olan, hazırda millinin meneceri postunu tutan Əhməd Həsən yaranan vəziyyətdən hiddətləndiyini bildirib: “Saleh mənə dedi ki, Misiri ən yaxşı formada təmsil etməyə çalışır. İndi ölkə ona belə cavab verir. Bunu necə başa düşək?” Menecer ən qısa müddətdə yaranmış vəziyyəti Müdafiə və Təhsil nazirlikləri ilə müzakirə edəcəyini bildirib.

 

Məhəmməd Saleh bu ilin yanvarında “Çelsi”yə keçib. O, komandanın heyətində 10 oyuna çıxıb və 2 qol vurub. Britaniya mətbuatı yazır ki, Joze Mourinyo növbəti mövsümdə Salehdən aktiv istifadə etməyə hazırlaşır.