“Dinamo” Bakıya yüksək əhval-ruhiyyədə gəlir
11.04.2014 - 10:00
“Dinamo” Bakıya  yüksək əhval-ruhiyyədə gəlir

“Bu, komandamızın Rusiya kubokunda 10-cu finalı idi. Ən çətini də məhz bu görüş oldu. Son saniyələrə qədər intriqanın qaldığı əsl kubok matçı idi”. Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Moskva “Dinamo”sunun prezidenti Andrey Qubernski deyib.

 

Aprelin 24-26 aralığında Bakıda keçiriləcək UEFA Kubokunun iştirakçılarından olan “Dinamo” Rusiya çempionatının hazırda II pilləsində qərarlaşmış “Qazprom-Yuqra”nı 2 oyunun cəminə görə 9:7 hesabı ilə məğlub edib. Bununla, 8-ci dəfə kuboku başı üzərinə qaldıran Moskva təmsilçisi Bakıya yüksək əhval-ruhiyyədə gələcək.

 

Elə klub prezidenti də bu fikirdədir: “İndi bütün gücümüzü UEFA kubokunun “Dördlər finalı”na qoyacağıq. Şadam, ona görə ki, biz bu məsuliyyətli yarışa belə müsbət, qələbə ab-havasında yaxınlaşırıq. Həm də ona görə sevinirəm ki, bütün futbolçular zədələrdən qurtulub. Qarşıdakı Bakı səfərinə optimizmlə baxırıq”.

 

Qeyd edək ki, “Dinamo” aprelin 24-də “Kayrat”la qarşılaşacaq. Həmin gün ölkə çempionumuz “Araz” isə “Barselona” ilə görüşəcək.