“İnter”in futbolçuları əks-hücumlarda böyük təhlükə yaradır”
17.07.2014 - 15:17
“İnter”in futbolçuları əks-hücumlarda böyük təhlükə yaradır”

“Avroliqa turnirinə evdə başlayırıq. Bunu özümüz üçün üstünlük sayıram. “İnter”lə oyun gərgin keçəcək”. Apasport.az xəbər verir ki, bu sözləri İsveçin “Elfsborq” klubunun baş məşqçisi Yanne Mian deyib.

 

O, bu gün Avroliqanın II təsnifat mərhələsində üz-üzə gələcəkləri “İnter”lə oyun haqqında danışıb: “Biz çempionatın son turunda “Brommapoykara” ilə heç-heçə etmişik. Ona görə düşərgədə ab-hava yaxşı deyil. “İnter”ə qarşı matçda bunu kompensasiya etməliyik. Doğru yolu tapıb uğur qazanmaq haqqında düşünürük. Rəqibimizin oyunlarını izləmişik. Hər kəs komandaya inanmalıdır. Çalışmalıyıq ki, rəqibin qapısına bacardığımız qədər çox qol vuraq. “İnter” özündə mümkün qədər çox top saxlamağa çalışır. Müdafiədə çox yaxşı oynayırlar. Sürətli əks hücumları var. Yarımmüdafiə xəttində olan istedadlı futbolçuların hesabına əks-hücumlarda böyük təhlükə yaradırlar. Ev oyunumuz olduğu üçün ancaq qələbə haqqında düşünürük. Bakıya rahat getməyə çalışacağıq”.